“Paris müsəlman ölkələrinin sərvətini talayır, orada öz dilini, mədəniyyətini yaymağa çalışır”

“Paris müsəlman ölkələrinin sərvətini talayır, orada öz dilini, mədəniyyətini yaymağa çalışır”

“Fransa dövləti, xüsusilə Emmanuel Makron hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi yanlış xarici siyasəti ilə beynəlxalq aləmdə tənqid olunur. Bu gün artıq Fransanın xarici siyasəti Avropanın özündə də ciddi narazılıqlara çevrilib. Makronun hakimiyyətinin addımlarına, iddialarına nəzər saldıqda, görünən odur ki, gücündən və haqqından daha artığını istəyir”.

Bu fikirləri Oxu.Az-a fransalı deputatların Fransa prezidenti Emmanuel Makrona müraciətini şərh edərkən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O qeyd edib ki, Fransa dünyada sülh, inkişaf üçün deyil, əksinə, qeyri-sabitliyə, münaqişələrin alovlanmasına, müxtəlif regionlarda gərginliyin olmasına yönəlik siyasət aparmaqdadır:

“Bu da təəccüblü deyil. Çünki tarixi qan tökməkdən, qətliamlar, soyqırımılar törətməkdən, siyasəti müstəmləkəçilik, işğal, imperialist maraqlardan ibarət olan bir dövlətdən başqa cür davranış gözləmək mümkün deyil. Afrika, Yaxın Şərq bunun canlı nümunəsidir.
Ümumiyyətlə, Fransa uzun əsrlərdir ki, yoxsul Afrika ölkələrini soyub, talayır. Fransanın Afrika qitəsində neokolonializm siyasəti iki amilə söykənir. Əvvəla, həmin ölkələrin rəsmi və tədris dilinin fransızca olması, ikincisi, məcburi təhsilin tətbiqi. Qitədə fransız dilində danışanlara yüksək fərq qoyulur. Təkcə rəsmi dili fransızca olan ölkələr deyil, eyni zamanda Misir, Mərakeş, Əlcəzair, BƏƏ və Mavritaniyada da öz nüfuz dairəsini genişləndirməyə səy göstərən rəsmi Paris çalışır ki, həm müsəlman ölkələrinin sərvətini talasın, həm də orada öz dilini və mədəniyyətini yaysın”.

Deputatın fikrincə, Fransa islamofobiya ən güclü olan dövlətlərdəndir:

“Biz bunun daha bir nümunəsini əlbəttə ki, Azərbaycana münasibətdə görmüşük və görməkdə davam edirik. Fransa, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı açıq şəkildə qərəzli siyasət aparmağa başlayıb. Separatizmə dəstək verməklə bu ölkə Avropa dəyərlərinə, beynəlxalq hüquqa xəyanət etmiş olur. Paris Cənubi Qafqazda gərginliyin qalmasında, Azərbaycanla Ermənistan arasında barışığın olmamasında maraqlıdır. Bu ölkə bunun üçün bütün vasitələrdən istifadə edir.

Bəli, Fransa əsrlərdir ki, Afrikada cinayətlər törədir. Bu isə qitə ölkələrinin Parisə qarşı nifrətini son həddə çatdırıb. Malidə, Əlcəzairdə, Nigerdə və müstəmləkəçilərdən dəhşətli zülmlər görmüş digər dövlətlərdə fransızların qeyri-insani hərəkətlərinə qarşı etiraz aksiyaları başlayıb. Lakin hələ də firəngli deputatlar Makrondan müstəmləkənin daha da dərinləşdirilməsini istəyirlərsə, demək, Fransada hökumətin bütün üzvləri irqçi və islamofob şəxslərdən ibarətdir”.

Qeyd edək ki, Fransa Senatının sədrinin müavini Rocer Karuçi, Senatda “Respublikaçılar” siyasi qrupunun rəhbəri Bruno Retalyö, Senatın Müdafiə və xarici məsələlər komissiyasının sədri Kristian Kambon prezident Emmanuel Makrona müraciət ediblər.

Onların məktubuna ümumilikdə parlamentin 94 üzvü imza atıb. Müraciətdə “Fransafrik” (Fransa-Afrika siyasəti) dövrünün bitməyə doğru getməsindən məyusluq ifadə edilir.

Aysel Aslan

Share: