Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edildi. Bu baxımdan Slovakiyanın “Həmrəylik Halqası” STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirildi.
Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olundu və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirildi. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək “Smart village” – “Ağıllı kənd” layihəsinin önəmi vurğulandı.
Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirildi.
Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.