“Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır”

“Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır”

“Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı böyük humanizm aktıdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq və növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla 801 vətəndaşa ikinci şans verib, yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş etdi:

“Bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv Sərəncamı ilə 801 nəfərə ikinci şans – ikinci həyat bəxş etdi. Dövlət başçısının bugünkü hüquqi aktı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 463 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldır, habelə bu cəzaya şərti olaraq məhkum edilmiş iki şəxs, bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış üç şəxs cəzadan azad edilir”.

“Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, beş şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır. İslah işləri cəzasına məhkum edilmiş iki şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 88 şəxs cəzadan azad edilir”, – o qeyd edib.

Əfvetmənin sadə bir mexanizm olmadığını bildirən deputat əlavə edib ki, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanın əhatə edilməsinə çalışılır:

“Eyni zamanda, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxs bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”.

“Bir sözlə, Prezidentin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli şərhləri bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz”, – B.Məhərrəmov vurğulayıb.

Share: