“Hazırda Şuşa şəhərində Azərbaycan Ordusunun çox güclü birləşmələri var. Noyabrın 8-də Şuşada hərbi qulluqçuların təntənəli keçidi oldu. Hərbçilər qarşısında çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev bütün şəxsi heyətin əlini sıxdı. Bunun özü çox ciddi mesaj idi”.
Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O vurğulayıb ki, dövlət başçısı daim ordunun yanında olacağını göstərirdi.
Ü.Cəfərov bildirib ki, erməni işğalçılarının ayağı bir daha Şuşaya dəyməyəcək: “Bir neçə il əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə rəqs etmişdi. Bundan sonra heç vaxt belə hala yol verilməyəcək. Biz 2020-ci ildə Şuşanı azad etməklə bütün dünyaya öz sözümüzü demişik. Şuşa Azərbaycanındır və həmişə Azərbaycanın olacaq”.
Ehtiyatda olan polkovnikin fikrincə, Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar təkcə Ermənistana deyil, həm də digər ölkələrə, o cümlədən Rusiya və İrana ünvanlanıb.
“Ali Baş Komandanın mesajları bəzi gücləri qıcıqlandırıb. Çünki dövlət başçısı çox konkret fikirlər səsləndirdi. Azərbaycanın artan nüfuzu bizi istəməyən gücləri narahat edir. Ona görə də biz məsuliyyətli olmalı, ayıq-sayıqlığımızı daim qorumalıyıq. Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təmin edilməlidir”, – hərbi ekspert söyləyib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində daimi mövcudluğu təmin olunmalıdır: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə son vaxtlaradək sakitlik idi. Amma Prezidentin çıxışından bir gün sonra qanunsuz erməni silahlı dəstələri həmin ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın və bizi istəməyən digər qüvvələrin aqressiyasının təzahürüdür. Görünür, onlar rəsmi Bakının gücünü, nüfuzunu qəbul etmək istəmirlər. Yəni biz hər cür təxribata hazır olmalıyıq. Əlbəttə, düşmənin istənilən provokasiyasının qarşısı uğurla alınacaq. Buna kimsənin şübhəsi olmamalıdır. Azərbaycan Ordusu nəyə qadir olduğunu bir neçə dəfə göstərib”.
Ü.Cəfərov, həmçinin bildirib ki, Türkiyə, Pakistan, İsrail Azərbaycanın yanındadırlar: “Rusiya, ABŞ, Fransa kimi dövlətlərdən haqq işimizi dəstəkləyəcəklərini gözləməyə ehtiyac yoxdur. Ölkə başçısı dünən yaxın illər üçün nəzərdə tutulmuş mühüm mesajlar verdi. Bundan sonrakı hərbi-siyasi addımlarımız da həmin strategiyaya uyğun atılmalıdır”.