Qərbi Azərbaycan Xronikası: Erməni və alman faşizminin oxşar əməli

Qərbi Azərbaycan Xronikası: Erməni və alman faşizminin oxşar əməli

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

“Paşinyanın anti-Azərbaycan təbliğatı və yeni havadar axtarışı” adlı süjetdə Qərbi azərbaycanlıların son 100 ildə erməni faşizmindən gördükləri zülmün dünya tarixində törədilmiş çox nadir vəhşiliklərdən olduğu vurğulanır.

Bildirilir ki, Ermənistanın siyasi, ictimai xadimləri hesab olunanlar və havadarları ermənilərin yeni məzlum obrazını yaratmaq üçün yalan danışmaqdan yorulmurlar: 

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ iqtisadi rayonunda və Ermənistanla sərhədyanı sayılan ərazilərdə baş verən hadisələri onların təhrif etməsi buna nümunədir. Nikol Paşinyan özünü Azərbaycanla münasibətlərin normallaşmasına meylli kimi göstərsə də, beynəlxalq səviyyəli tədbirlər və görüşlərdə Azərbaycana qarşı çıxışlar edir, anti-Azərbaycan təbliğatı aparır”.

Qeyd olunur ki, ermənilər 35 il öncə havadarlarının yardımı ilə ölkədən, dədə-baba yurdlarından qovduqları 250 mindən çox qərbi azərbaycanlının insan haqqını unutmağa və ya unutdurmağa çalışır, indi isə Ermənistan hakimiyyəti və havadarlarının müxtəlif tədbirlərdə Azərbaycanın guya erməniləri blokadada saxladıqları ilə bağlı yalan məlumatlar verirlər. Həmçinin vurğulanır ki, son 120 ildə yüzminlərlə əhalinin Qərbi Azərbaycandan qovulması yaddan çıxmayacaq real hadisədir və bu faciə miqyasına və faşistlərin yəhudilərin başına açdıqları müsibətə görə yalnız Holokostla müqayisə edilə bilər.

Süjetdə Qərbi azərbaycanlıların qovulması prosesi bu əsaslarla izah edilir:

“Milli və dini mənsubiyyətə görə sıxışdırılması, gözdən salınması, bu istiqamətdə havadarlarla birgə fəaliyyət göstərilməsi, Qərbi azərbaycanlıların dövlət qurumlarında işləməyə yol verilməməsi və bunun qarşısının alınması, Azərbaycan türklərinin ölkənin mədəni, sosial və siyasi həyatında fəaliyyətdən kənar saxlanılması, Azərbaycanlıların milli-mədəni varlığını əks etdirən bütün kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi, Oğuz türklərinin dini-tarixi və mədəni abidələrlə əlaqəsinin maksimum azaldılması və s”.

Sonda Rusiyanın vassalı olan ermənilərin Qərbi azərbaycanlılara qarşı tətbiq etdikləri pisliklər və faşist əməlləri nəticəsində azərbaycanlıların  indiki Ermənistandan çıxarılaraq, zor gücü ilə vətəndaşlıqdan məhrum edildiyi göstərilir:

“Onların Qərbi azərbaycanlılara qarşı faşizmi Xocalı, Ağdaban və Azərbaycanın başqa bölgələrindəki soyqırımılarla davam etdi. Ancaq dünya zaman keçdikcə ermənilərin türklərə, müsəlmanlara qarşı faşist düşüncə və davranışının mahiyyətini, erməni yalanlarını dərk edir. Odur ki, faşist Almaniyası vaxtilə cəzalandığı kimi, faşist Ermənistanının da cəzalandırılacağı gün gələcək, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdıb vətəndaşlıqlarını bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Share: