Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Vedibasar mahalı, Vedi bölgəsinin Şidli kəndi haqqında xüsusi buraxılış hazırlanıb.
Verilişdə Şidli kəndinin adının mənasından söhbət açılıb. Qeyd olunub ki, bu tarixi yaşayış məntəqəsinin adı Şid (şad) sözündən götürülüb və hərbi titul, şan anlamındadır.
Kəndin tarixindən söhbət açan müəllif vaxtilə ermənilərin Şidli kəndinə hücumlarından, burada yaşayan əhalinin 83 illik müqavimətindən, onların erməni quldurlarına qarşı mübarizəsindən bəhs edib.
Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Şidli əhalisindən sərt cavab almasına diqqət çəkən E.Əlibəyli Qərbi Azərbaycanın bu qədim yurd yeri barədə digər faktları da tamaşaçılara çatdırıb.
O, ermənilərin uzun illər girə bilmədiyi Şidlinin boşaldılması, kənd sakinlərinin deportasiyası, öz el-obasından didərgin düşmüş soydaşlarımızın Naxçıvan və Şərur camaatı tərəfindən qarşılanması, Şidlinin fərqli toy və bayram adətləri, zəngin və çeşidli mətbəxi barədə də maraqlı məlumatları izləyicilərə təqdim edib.
Qeyd edək ki, veriliş avqustun 12-də, saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı süjetdə: