Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.
Bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar AZƏRTAC-a açıqlamasında söyləyib.
“Xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq. Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”, – Ülviyyə Zülfiqar deyib.
Mətbuat katibi bildirib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır. Lakin hələ ki, əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq.