Qaxda antik dövrə aid əşyalar aşkarlanıb

Qaxda antik dövrə aid əşyalar aşkarlanıb

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin “Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi” sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində antik dövrə aid torpaq qəbirlər, əşyalar aşkarlayıb.

AMEA-dan verilən məlumata görə, qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Maraqlı tapıntılar içərisində həm əvvəlki ildə, həm də cari mövsümdə tapılmış kiçik qadın bütləri də var.

Ekspedisiya bir aya yaxındır, Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində, şərti olaraq Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işlərini davam etdirir.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlamış, antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olub. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam edib. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər antik və ilk orta əsr alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi mədəniyyət nümunələrini özündə daşıyır.

Arxeoloji tədqiqatlar davam edir.

Share: