Rusiya ordusunun ikinci blokpostu Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində, Əskipara kəndində tikilir. Kənd soveti bu prosesin icrasını təsdiqləyib. Ermənistan Müdafiə Nazirliyi isə tikintinin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi bildirib.
Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Ədalət Verdiyev bu addımın Azərbaycanın maraqlarına zidd olduğunu bildirib:
“Biz yaxşı anlayırıq ki, Ermənistan nə İran, nə Türkiyə, nə də Azərbaycanla sərhədlərini qorumaq imkanına malikdir. Hətta ölkənin paytaxtı İrəvan şəhərində belə hava limanında sərhəd xidməti fəaliyyətini Rusiya hərbçiləri həyata keçirir. Yəni erməni vətəndaş rus əsgərinin icazəsi ilə həmin ərazisinə girib çıxır. Blokpostun Azərbaycana aid olan və qaytarılması bizim tərəfimizdən birgə bəyanatın şərtləri ilə təyin edilən Qazax rayonunun Əskipara kəndində tikilməsi, təbii ki, bizi dərindən narahat edir. Hesab edirəm ki, bu addımlara qarşı aidiyyəti qurumlarımız üzərinə düşən fəaliyyəti yerinə yetirməli, Azərbaycan torpaqlarında bizim icazəmiz olmadan hansısa hərbi obyektlərin qurulmasına imkan verməməlidirlər”.
Hərbi analitik Alp Arslan İmamqulu isə müstəqillikdən bəri Ermənistanla aramızdakı münasibətlərin heç cür tənzimlənə bilməməsindən söz açıb:
“Torpaqlarımız işğaldan azad olunsa da, ərazilərimizdə separatçılar var və bu istiqamətdə antiterror əməliyyatları davam etməkdədir. Gözlənilən daxildə olan terrorçu qruplar tərk-silah edildikdən sonra növbəti mərhələdə sərhədlərimizin delimitasiya və demarkasiya prosesinin baş tutmasıdır. Böyük ehtimalla Ermənistan bu prosesi ya ləngidəcək, ya da heç istəməyəcək. Belə olanda isə haqqımızdır ki, sərhədlərimizi özümüz müəyyənləşdirək. Bu prosesi 1920-ci il AXC xəritəsinə əsasən həyata keçirmə haqqımız var. Bu zaman isə Azərbaycanın şimal-qərb sərhədində mübahisəli məsələlər olacaq. Tovuz, Qazax istiqamətindən əsas kommunikasiya, enerji xətləri keçdiyinə görə Rusiyanın əvvəlcədən müəyyən hazırlıqlar görməsi və hansısa mesajlar verməsi gözləniləndir. Blokpostun quraşdırılmasının Rusiya ilə Ermənistan arasında münasibətlərdən irəli gəldiyi yönündə verilən açıqlama da bizim dediklərimizi təsdiqləyir. Ümumiyyətlə, baş verənlər Rusiyanın vasitəçi olmaq üçün əvvəlcədən hazırlıq görməsi kimi qiymətləndirilə bilər”.
Sayad Həsənli