Şəmkirdə ağır avtomobil qəzasında polis zabiti ölüb, dörd nəfər yaralanıb

Şəmkirdə ağır avtomobil qəzasında polis zabiti ölüb, dörd nəfər yaralanıb

Şəmkir rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında Şəmkir rayonunda fəaliyyət göstərən şadlıq saraylarının birinin önündə qeydə alınıb. 

Gədəbəy polis şöbəsinin əməkdaşı olan Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyev Mirsalam oğlu həmin vaxt şəxsi “VAZ-2121” (“Niva”) markalı avtomobili ilə işə gedirmiş. 

Bu zaman 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı nəqliyyat vasitəsi ilə toqquşma baş verib.

Qəza nəticəsində polis zabiti aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda ölüb. F.Bağırov və onun sərnişinləri Quluzadə Toğrul Azər oğlu və Mahmudov Zirəddin Namiq oğlu xəsarət alıblar. 

Hadisədən xəbər tutan Z.Mahmudovun qardaşı Azər Mahmudov öz maşını ilə hadisə yerinə gedən zaman idarə etdiyi avtomobili maneəyə çırpıb və ağır xəsarət alıb.

Hadisələrdə yaralananlar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına və Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

09:25

Şəmkir şəhər ərazisində ağır yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva” markalı avtomobillə 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “VAZ-21021” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Əliyev Seyidrüstəm Mirsalam oğlu hadisə yerində dünyasını dəyişib.

S.Əliyev polis zabiti olub, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edib.

Digər avtomobildə olanlar, 2001-ci il təvəllüdlü Bağırov Fikrət Nizami oğlu, 2000-ci il təvəllüdlü Quluzadə Toğrul Azər oğlu, həmyaşıdı Mahmudov Zirəddin Namiq oğlu və 2002-ci il təvəllüdlü Mahmudov Azər Namiq oğlu müxtəlif bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır, digərlərinin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: