Yeni mövsümün astanası “futbol mətbəximiz”də xeyli maraqlı hadisə ilə yadda qalıb. Yeni – II Liqanın yaradılması, daha sonra iştirakçı sayının artırılması, əvəzedicilərin I Liqadan ayrılması və s. Belə bir “qazanın qaynayırsa”, AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşə, təbii ki, zərurət yaranır. 36 yaşlı funksioner Sport24.az-a verdiyi müsahibədə xeyli maraqlı mətləbə toxunub.
Müsahibəni təqdim edirik:
– İcraiyyə Komitəsinin iclasında II Liqanın yaradılmasına dair qərar verildi. Əminsiz ki, həm I, həm də II liqalarda hər şey şəffaf olacaq?
– Şəffaf deyəndə nəyi nəzərdə tutursunuz?
– Yəni oyunun nəticəsi qumara qoyulmayacaq…
– 10 komanda I Liqada, 14 komanda isə II Liqada çıxış edəcək. Danışılmış oyunlarla bağlı bu dəqiqə heç kim yüz faizlik zəmanət verə bilməz ki, belə hallar müşahidə olunmayacaq. Əlbəttə ki, belə ehtimallar var. Bu məsələ ilə bağlı çox ciddi mübarizə gedir. Tək AFFA tərəfindən yox. Müvafiq dövlət, güc strukturları ilə paralel aparılır. Daxili İşlər Nazirliyinin birbaşa dəstəyi var. Müəyyən zamanlarda belə hallar olur. Ötən mövsüm də I Liqada müəyyən neqativ hallar yaşandı. Bizim başlıca məqsədimiz belə halları müəyyən etmək və adekvat addımlar atmaq, aidiyyəti qurumlara müraciət etməkdir. Qeyd etdiyim kimi, həm I, həm də II Liqada bu ehtimalları istisna etmək mümkün deyil. Amma məsələni gündəmdə saxlayırıq və istənilən siqnala reaksiya veririk.
– Komandaya 50 minlik büdcə verilir. Bu büdcəni 10 aya bölsək, 5000 manat edir. Həmin məbləği də 20 futbolçu arasında bölsək, hərəyə 250 manat pul edir. Üstəgəl avtobus, qida və gecələmə xərcləri də var. Bu, necə ola bilər?
– Dövlət tərəfindən ayrılan 50 min manatlıq dəstək var. Amma o demək deyil ki, komanda sırf 50 minlə yaşamalıdır. Bu məsələ bir neçə dəfə qaldırılıb. Komandalar tərəfindən də gündəmə gətirilib. Müzakirələrimiz olub. Çalışırıq həm ictimaiyyətə, həm də komandalara belə bir məlumat ötürək ki, əslində onlar özləri-özlərini maliyyələşdirməlidirlər. Yəni yalnız bu məbləğlə yaşamamalıdırlar. Hər bir komanda əlavə sponsor cəlb etməyə, mənbələrdən dəstək əldə etməyə çalışmalıdır. Bu, komandaların əsas məqsədlərindən biri olmalıdır. Komandalara 50 min II, 300 min I və 3 milyon Premyer Liqada ayrılır. Bu dəstək yalnız sabitliyi qorumaq üçündür. Bu gün biz I Liqadan danışsaq, 300 min manat məbləğində vəsait ayrılır. Həmin qeyd etdiyiniz detallara getsək, 300 minlə çempionluğa oynamaq çətindir. Amma komandanı müəyyən şəraitdə sabit saxlamaq üçün normal maliyyədir.
– Sponsor tapan komandada vəziyyət normal olur, amma tapmayana sanki bir ötürmə verirsiniz ki, danışılmış oyunlara gedin. Pul çatmayanda heyət fırıldağa əl atacaq.
– Uzun müddətdən sonra ilk mövsümdür ki, I Liqa əvəzedicilərdən ayrıldı və 14 komandanın iştirakı ilə II Liqa yaradıldı. Bu məsələlərin tərəfimizdən monitorinqi aparılacaq, liqaların yaranmasının müsbət və mənfi tərəfləri təhlil olunacaq. Bəlkə elə siz qeyd etdiyiniz kimi 2-ci Liqada elə şərait yarana bilər ki, hər görüşdə danışılmış oyunlarla bağlı problemlər olsun. Təbii ki, belə olan halda ciddi addımlar atılacaq. Amma sizin kimi əminliklə belə olacağını deyə bilmərəm. Hamısına nəzarət olunacaq. Zaman keçdikcə biləcəyik ki, hansı komanda nə ilə nəfəs alır.
– II Liqada 12 komanda idi, sonra 14 oldu. Lap 20 edək. Aydın məsələdir ki, hamısı sponsor tapan deyil. Olmazdı ki, hansısa bir xüsusi tələb qoyulsun? Məsələn, 50 min dövlət tərəfindən ayrılırsa, 30 minlik də sponsor təminatı olsun?
– Bu, artıq kluba aid olan bir məsələdir. II Liqada çıxış edən komanda qarşısına məqsəd qoymalıdır ki, 1-ci pilləni tutub yuxarı liqaya qalxım. Nəticədə şərait də yaxşılaşır. Bu olmadığı təqdirdə II Liqadan da komandalar uzaqlaşacaq. Çünki burada da idman prinsipləri nəzərə alınacaq. Bu məsələ də vaxt tələb edir. Zamanla görəcəyik ki, hansı qərar doğrudur, hansı yanlış. Nə AFFA, nə PFL rəhbərliyi əminliklə düz və ya yanlış qərar olduğunu deyə bilməz. Zaman bizə hər şeyi göstərəcək.
– Ötən mövsümün yekunlarına görə, Azərbaycan futbolsevərləri elitanı tərk edən komanda gördü. “Şamaxı”nı nəzərdə tuturam. Bu sistem davam edəcək, ya “bir atımlıq barıt” idi? Birini çıxardıq, birini gətirdik, qurtardı?
– Bu, Peşəkar Futbol Liqasının Əsasnaməsidir. Bir komanda düşür və biri Premyer Liqaya qalxır. Bu sistemlə Əsasnaməyə uyğun addımlar atılacaq.
– Burada bir narahatedici detal da var. Söhbət hakimlərdən gedir. Özünüz də görürsünüz ki, Azərbaycan Premyer Liqasını heç kim tərk etməyəndə aləm dəyirdi bir-birinə. İndi kimsə elitanı tərk edirsə, görün nələr yaşana bilər? Bu baxımdan AFFA hazırdırmı?
– Amma “Şamaxı” tərk etdi…
– Tərk etdi. Amma indi daha iddialı komandalar var. İlk turlardan da bunu hiss edirik…
– Açığı Premyer Liqada hakimliklə bağlı qeyd etdiyiniz yöndə mənfi hal gözləmirəm və baş verəcəyinə də inanmıram. Çünki elita hakimləri buna hazırdır.
– “Kəpəz”ə sponsor məsələsinə toxunaq. Sizcə, bu kluba niyə sahib çıxan yoxdur? Başa düşürəm ki, bu, katibliiyn vəzifəsi deyil. Sadəcə, mövqeyiniz maraqlıdır…
– Sözün düzü, bu, elə bir məsələdir ki, klubun daxili işidir. Bu gün belə bir məsələ ilə bağlı açıqlama vermək mənim üçün çətindir. Çünki klubun daxilində aparılan işlər sırf kluba aid olan məsələdir. Buna görə düşünürəm ki, sualı klubun özünə versəniz, daha yaxşı olar.
– Uşaq futbolu ilə bağlı klublara pul ayrılır – hərəsinə 350 min manat. Məbləğ azdır, yoxsa istiqaməti üzrə xərclənmir?
– Klublar kriteriyalara uyğun – uşaq futboluna, akademiyaya ayrılan məbləğlə kifayətlənməməlidir. Təbii ki, klublar yenə əlavə vəsaitlər, əlavə sponsorların cəlb olunması vasitəsilə, müəyyən digər mənbələrlə uşaq futboluna, akademiyalarına diqqət yetirməlidirlər. Bu məbləğ sabitliyi qorumaq üçün dövlət tərəfindən ayrılır. Necə ki, klublara ümumi 3 milyon manat ayrılır. Klub yaranıbsa, fəaliyyət göstərirsə, özləri də bu istiqamətdə müəyyən addımlar atmalıdırlar ki, əlavə vəsait uşaq futboluna xərclənsin. Məsələ ilə bağlı onu da vurğulayım ki, bu gün 3 milyondan 350 mini uşaq futbolu üçün ayrılıb, lakin o demək deyil ki, bütün klublar məhz onu xərcləyib, vəssalam! Əlbəttə, elə klublar var ki, daha çox vəsait xərcləyir, müəyyən məsələlərdə daha çox iddiası var, digərləri ilə müqayisədə uşaq futbolunda daha çox iş görür. Ümumi baxanda, ayrılan vəsait müəyyən sahələri sabit saxlamaq üçündür.
– Razılaşın ki, 18 yaşı çatan yeniyetmələr problemlə üzləşirlər. Hərbi xidmət səbəbindən xeyli futbolçu itiririk. Və yaxud universitetə qəbul olunan yeniyetmə dərslərə görə nə məşqlərə, nə də oyunlara gələ bilir və nəticədə futbolu buraxmalı olur. “Dinamo” problemi aradan qaldıracaq, yoxsa yeniyetmələri qorumaq üçün daha bir ciddi layihəyə ehtiyac var?
– Hazırda “Dinamo”nun yaranmasının belə məsələlərin həll olunmasında birbaşa köməyinin olacağını düşünürük. Klubun yaranmasının da əsas məqsədi məhz bu problemin həll olunmasıdır. Sözsüz ki, bu işdə MOİK də dəstək göstərir. Müxtəlif yaş qrupu üzrə yığma komandaların futbolçuları ora göndərilir. Lakin müəyyən səbəblərdən bütün futbolçular MOİK-ə gedə bilmir. Düşünürük ki, “Dinamo”nun bərpası problemin həlli yolunda müəyyən qədər kömək edəcək. Hazırda məsələ ilə bağlı başqa addımların atılması nəzərdə tutulmayıb.
– Ancaq II Liqa yarımhəvəskardır, burda 18 yaşlı potensiallı yeniyetmələrin formasını qorumaq müşkül məsələdir. Bəlkə “Dinamo”ya daha keyfiyyətli dəstək vermək mümkündür? Məsələn, baş məşqçini AFFA təyin edir və özü də maliyyələşdirir. Hər halda komanda I Liqaya yüksələrsə, orada daha güclü rəqiblərlə qarşılaşar…
– Hazırda belə fikrimiz yoxdur. Çünki hər hansı bir komandaya digərindən daha fərqli yanaşma etsək, daha konkret desək, başqa məbləğdə vəsait ayırsaq, düşünürəm ki, narazılıq yaranar. Lakin, əlbəttə ki, “Dinamo”nun müsbət impulsunu bu məsələdə görsək, müəyyən danışıqlar aparıla bilər. Ancaq bu gün futbol klubu yeni yaranıb, ümumiyyətlə, II Liqa yeni yaranıb və özümüzə də vaxt lazımdır. Tək AFFA-ya yox. AFFA və PFL birgə işləyirik. Bizə bir az vaxt lazımdır ki, bu işlərin hansı istiqamətdə getməsini anlayaq. Mənfiləri-müsbətləri nədir, hansı hansını kölgədə qoyduğunu görək. Yalnız bundan sonra başa düşəcəyik ki, hansı addımlarımız düzgündür, hansılar səhvdir.
– AFFA İcraiyyə Komitəsi son iclasında futzal klublarına maliyyə dəstəyi ilə bağlı heç bir müzakirə aparmadı. Zaur Axundov israrla bildirir ki, yeni nəslin üzə çıxması üçün futzala da maliyyə dəstəyi lazımdır. Razılaşın ki, federasiya prezidenti haqlıdır. Bu səpkidə hansısa irəliləyiş gözlənilir, yoxsa?..
– Futzalla bağlı, xeyr. Bu gün üçün futzal klublarına maddi dəstəyin ayrılması nəzərdə tutulmayıb. Əlbəttə, gələcəkdə bu məsələ daha aktuallaşarsa, əlavə bir məlumat olarsa, mütləq şəkildə ictimaiyyətlə, KİV-lə paylaşacağıq. Amma hazırda futzal üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmayıb.
– Ötən il AFFA PFL ilə birgə klublara top verirdi. Bu il bunu görmədik. Siz istəmədiniz, yoxda PFL ehtiyac olmadığını dedi?
– Həmin il “Nike”la müqaviləmiz vardı və buna əsasən, bu firmanın topları verilirdi. Amma o müqavilə artıq bitib. Bunu da nəzərə alaraq qərar verildi ki, artıq o məsələni dayandıraq. Həmçinin o illərdə dövlət tərəfindən maddi dəstək yox idi. Yenidən 3 milyon məsələsinə toxunuruq. Bunları da nəzərə alaraq, bu il üçün klubların top almasına qərar verildi.
– Üç klubun avrokuboklarda ev oyunlarının bir gündə Bakıda keçirməsi geniş rezonansa səbəb oldu. Sual bu idi ki, nəyə görə İstanbulda 2 oyun keçirmək olmaz, amma Bakıda 3 görüş olar?
– Bununla bağlı onu qeyd edə bilərəm ki, söhbət matçların Bakıda və ondan kənarda keçirilməsindən gedir. Bilirik ki, bu məsələ mətbuatda müzakirə edildi. Lakin bir şeyi də demək lazımdır ki, bundan öncə də paytaxtda 2 matç eyni gündə keçirilib.
– “İnter” – “Hafnarfyordur” və “Qəbələ” – “Çukariçki” qarşılaşmalarını mən də xatırlayıram. Bəlkə yenə də analoji hal olub…
– Bəli, bundan başqa da olub. Üç oyun bir gündə keçirilib ki, 2-si Bakıda, biri Sumqayıtda baş tutub. Eyni hal burada oldu – 2-si Bakıda, bir-birinə uzaq olmayan stadionlarda, biri də Masazırda keçirildi. Masazır da tam Bakıya daxil deyil, Abşeron rayonundadır. Masazır Bakıətrafı kimi gedir. Baxmayaraq ki, eyni gündə 3 oyun oldu, ilk növbədə klubların hər biri ev matçlarını yaxşı təşkil etmişdi. Həmçinin dövlət qurumları yüksək səviyyədə iş gördülər. Bunların arasında Daxili İşlər Nazirliyini xüsusi qeyd edərək, AFFA rəhbərliyi adından minnətdarlığımızı bildiririk. Çünki oyunların təşkili ilə bağlı ən böyük qüvvə ilə məhz bu nazirlik məşğul olur.
– Yəqin razılaşarsınız ki, bir gündə 3 ev matçı olmasa, daha yaxşıdır…
– Yekun qərar sonda UEFA-nındır. Çünki orada istəyə əsasən qərar verilmir. Kimə qarşı oynayırlar, ölkəni, rəqibi və azarkeşləri nəzərə alırlar. Elə oyunlar var ki, UEFA onu riskli matç kimi qəbul edir.
– Yəni İstanbulda 2 matç vardı, birini Bakıya keçirdilər. Əsas məsələ bu idi. İstanbulun nəyi bizdən artıqdır?
– Biri var ki, 2 oyun 10 minlik stadionda keçir, biri də var ki, 60-70 minlikdə. İstənilən halda, öncədən də müraciət olunsa belə, bilinəndə kim kimə qarşı oynayır, son qərarı UEFA verir. Ali qurum hansısa oyunu dəyişə bilər, hansınısa, yox. AFFA UEFA-ya bununla bağlı müraciət etmişdi. Ancaq qeyd etdiyim kimi, son qərar UEFA-ya məxsusdur.