Serbiyalı nazir: “Azərbaycan qazı ölkəmizin tələbatının üçdəbirini ödəyəcək”

Serbiyalı nazir: “Azərbaycan qazı ölkəmizin tələbatının üçdəbirini ödəyəcək”

Gələn ildən Azərbaycanın enerji resurslarının tədarük coğrafiyası Serbiyaya qədər genişlənə bilər. Dekabrda Serbiya Prezidenti Aleksandar Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub. Səfərin yekununda Azərbaycan Prezidenti İlham Əliyev gələn ildən başlayaraq Azərbaycanın enerji daşıyıcılarının və elektrik enerjisinin Serbiyaya ixracı istiqamətində əməli addımların atılacağına əminliyini ifadə edib.

Rusiya qazından asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliklərini təmin etmək və enerji təchizatını şaxələndirmək üçün əlavə imkanlar axtarmağa başladığını nəzərə alsaq, bu məsələ xüsusi əhəmiyyət kəsb edir.

“Report” bununla əlaqədar Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviçin fikirlərini öyrənib. Onunla müsahibəni təqdim edirik:

– Serbiya 2023-cü ilin əvvəlində Azərbaycandan elektrik enerjisinin alınmasına başlamağı planlaşdırır. Hansı həcmdən söhbət gedir? Azərbaycandan elektrik enerjisinin ötürülməsi ilə bağlı qalan məsələlərlə əlaqədar danışıqlar başa çatıbmı?

– Bakıda Azərbaycanın energetika və iqtisadiyyat nazirləri, eləcə də aparıcı enerji şirkətləri ilə apardığımız danışıqlar enerji mənbələrinin təchizatının şaxələndirilməsi və enerji müstəqilliyinin artırılması planlarımızın həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Müzakirə olunan mühüm mövzulardan biri də Azərbaycandan elektrik enerjisi idxalının mümkünlüyü məsələsi olub, özü də təkcə bu qış yox. Biz Azərbaycandan elektrik enerjisinin ötürülməsi xərclərini təhlil edəcəyik ki, təhlükəsiz təchizatla yanaşı, iqtisadi səmərə də olsun.

Digər məsələlərlə yanaşı, biz Qara dənizin dibi ilə sualtı kabelin çəkilməsi məsələsini müzakirə etdik. Bu yaxınlarda barəsində saziş imzalanan bu sualtı kabel xətti ilə Azərbaycan Avropaya əhəmiyyətli həcmdə elektrik enerjisi tədarük edəcək. Azərbaycandan qonşularımıza – Rumıniya və Macarıstana – elektrik enerjisinin çatdırılması imkanları ötürücü şəbəkənin inkişafı üzrə işlərin intensivləşdirilməsi və qonşularımızla nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün əlavə motivasiyadır.

– Serbiya 2023-cü ilin sentyabrından qaza olan tələbatının 40 faizini Rusiyadan olmayan tədarüklər ilə ödəməyi planlaşdırır. Bu məsələ ilə bağlı Azərbaycanla hansısa razılaşma əldə olunubmu? Azərbaycandan hansı həcmdə qaz idxal olunacaq?

– Bakıya səfərimiz zamanı biz Azərbaycandan Serbiyaya tədarük oluna biləcək qazın həcmini müzakirə etdik və gələcəkdə ehtiyacımızın təxminən üçdəbirini buradan ödəyə biləcəyimizi gözləyirik. Biz həmçinin Serbiyada qazla işləyən elektrik stansiyalarının tikintisi imkanlarını da müzakirə etdik ki, bu da enerji müstəqilliyimizə töhfə verərdi.

– Azərbaycanda külək və Günəş enerjisi istehsalı potensialını nəzərə alaraq, ölkəmizdən Avropaya “yaşıl enerji” ixracı imkanlarını necə görürsünüz?

– Avropa tədarük mənbələrinin şaxələndirilməsi problemi ilə üzləşib, bu baxımdan Azərbaycan kimi enerjidaşıyıcıları və elektrik enerjisinin istehsalını və ixracını artırmaq potensialına malik ölkələrlə əlaqələrin qurulması bu məqsədə çatmağın yollarından biridir.

Gözləmək olar ki, bütün ölkələrdə enerji keçidinin əsas elementlərindən biri kimi bərpa olunan enerjinin payının artması ilə “yaşıl enerji”nin ixracı imkanları da artacaq, ayrı-ayrı ölkələri birləşdirən ötürücü xətlərin tikintisi isə bu enerjinin digər bazarlara çıxarılması üçün çox vacibdir.

Elektrik enerjisi, o cümlədən bərpa olunan enerjinin yeni istehsal güclərinin tikintisi ilə paralel olaraq Serbiya həm də nəqliyyat əlaqələrini və bazarın inkişafını, eləcə də daha böyük enerji təhlükəsizliyini təmin etmək üçün qonşu ölkələrlə əlaqələri inkişaf etdirir.

– Cənub Qaz Dəhlizinin (CQD) yeni interkonnektorlarla birləşdirilməsi Serbiyanın və enerjidaşıyıcıların Rusiyadan idxalı payını azaltmağa çalışan digər Balkan ölkələrinin enerji təhlükəsizliyinə necə töhfə verəcək? Serbiyanın CQD-yə inteqrasiyasına imkan verəcək Serbiya-Bolqarıstan (Niş – Dimitrovqrad) qaz kəmərinin tikintisi hansı mərhələdədir?

– Bu ilin fevralında biz Bolqarıstana qaz interkonnektorunun tikintisinə başladıq, işlərin 2023-cü ilin son rübündə başa çatdırılması planlaşdırılır. İldə 1,8 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik olacaq bu qaz kəməri bu yanacağı Yunanıstana çatan bütün mənbələrdən qəbul etməyə imkan verəcək. Buraya CQD qaz kəməri də daxildir.

Təchizatçıları diversifikasiya etməklə Serbiya özünün enerji təhlükəsizliyini, həmçinin bu qazın regionun digər ölkələrinə və Aİ-yə axacağı tranzit ölkəyə çevrilmək qabiliyyətini artıracaq.

– Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın keçmiş dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviçin imzaladıqları yeni əməkdaşlıq sazişi bu sahədə əməkdaşlığın daha da inkişafına necə töhfə verir?

– Serbiya və Azərbaycan ölkə prezidentləri Aleksandar Vuçiç və İlham Əliyev arasında dostluq münasibətlərinə əsaslanan strateji əməkdaşlıq qurublar. Bu tərəfdaşlığın əsasını energetika sektoru təşkil edir. İki ölkənin hökumətləri arasında energetika və dağ-mədən sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Azərbaycana səfərimiz zamanı nazir həmkarlarımız və iri enerji şirkətlərinin rəhbərləri ilə apardığımız danışıqlar göstərdi ki, biz bu sənədi imzalamaqla kifayətlənməmişik və əməkdaşlığımız ilk növbədə enerji təchizatı və enerji təhlükəsizliyinin artırılması sahəsində konkret nəticələr verəcək.

– Sizcə, Serbiya nümayəndələrinin Azərbaycana səfəri zamanı əldə olunan razılaşmalar ölkələr arasında gələcək əməkdaşlığa necə töhfə verə bilər?

– İki prezident arasında yaxşı münasibətlərə əsaslanaraq deyə bilərik ki, Serbiya ilə Azərbaycan arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Qısa müddətdə qaz və elektrik enerjisi tədarükü ilə bağlı qaldırdığımız mühüm mövzular da bunu təsdiqləyir. Energetika sektoru ölkələrimiz arasında əməkdaşlığın ən mühüm sahələrindən biridir və əldə etdiyimiz bütün nəticələr iqtisadi tərəqqinin, eləcə də ümumilikdə ikitərəfli əməkdaşlığın göstəricisi olacaq.

Share: