Şimali Koreyanın iyulun 12-də buraxdığı “Hvason-18” (“Hwasong-18”) qitələrarası ballistik raketi Rusiyanın müstəsna iqtisadi zonasına düşüb.
Bu barədə BMT baş katibinin köməkçisi Xalid Hiari BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 7:00) Pxenyan bölgəsindən buraxılan raket təxminən 1001 km uçaraq 6648,4 km yüksəkliyə çatıb və sonda Rusiya Federasiyasının eksklüziv iqtisadi zonasında dənizə düşüb.
“Uçuşun təxminən 74 dəqiqə davam etdiyi bildirilir ki, bu, Şimali Koreyada potensial olaraq ən uzun ballistik raket uçuşudur”, – deyə baş katibin köməkçisi bildirib. O, məlumatların mənbəyini açıqlamayıb.
Hiari, həmçinin qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş qitələrarası ballistik raketin buraxılışını pisləyib. Rusiya tərəfi hələlik vəziyyətə münasibət bildirməyib.
Mənbə: RBK