Şöbə rəisindən xəbərdarlıq: “Şəhadətnamə olmadığı təqdirdə mütləq məsuliyyətə cəlb olunacaqsınız”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Respublika ərazisində cari ilin doqquz ayı ərzində qeydə alınan yanğınların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur”.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev məlumat verib.

O bildirib ki, müvafiq dövrdə vahid statistik qeydiyyata alınan yanğınların sayı 362 hadisə azalıb:

“İnsan ölümü ilə nəticələnən yanğın hadisələrinin sayı 16, müxtəlif dərəcəli xəsarətlərlə nəticələnən yanğın hadisələrinin sayı isə 54 fakt azalıb. Bütün bunlar insanlar arasında aparılan maarifləndirmə tədbirləri nəticəsində yanğından mühafizə, yanğın təhlükəsizliyi sahəsində bilik və bacarıqların artmasından irəli gəlir. Yanğınların sayı günbəgün azalır”.

E.Babayev onu da əlavə edib ki, baş verən yanğınların böyük əksəriyyəti yaşayış sahələrinin payına düşür:

“Fərdi mənzillərdə, bağ evlərində bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi yanaşılmır. Bu səbəbdən də yanğın hadisələri baş verir. Yanğınların qarşısını almaq məqsədilə insanlar yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidirlər.

Qurum olaraq biz qeyri-yaşayış obyektlərinin icbari sığorta işinə nəzarəti də həyata keçiririk. Dövlət inspektorları obyektlərdə olan zaman icbari sığorta şəhadətnaməsinin olub-olmamasını mütləq yoxlayır. Şəhadətnamə olmadığı təqdirdə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunurlar”.

Könül Cəfərli

Share: