Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc SİMA” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində həyata keçirilən “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi başa çatıb.
Düşərgənin keçirilməsində məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun parlaq qələbəsi ilə reallaşan Böyük qayıdışa və Qarabağda dirçəlişə töhfə vermək istəyən Qarabağ gəncləri arasında şəbəkələşməni təmin etmək, bununla bağlı gənclərin ideyalarını toplamaq və onların təşəbbüskarlığını artırmaq, həmçinin müxtəlif təlim və görüşlər vasitəsilə gənclərdə vətənpərvərlik və həmrəylik hissini gücləndirmək, şəxsi inkişaflarına dəstək olaraq asudə vaxtlarını səmərəli təşkil etmək olmuşdur.
Artıq ikinci ildir ki, təşkil olunan düşərgə bu il “Şuşa birliyimizin rəmzidir!” devizi altında həyata keçirilib. 5 gün davam edən düşərgədə 120 nəfər Qarabağ gənci “Zəfər”, “Dəmir Yumruq”, “Bayraqdar”, “Xarıbülbül” , “Qayıdış”, “Murov” və “Xudafərin adlı komandalar şəklində iştirak ediblər. Düşərgə müddətində gənclər üçün Vətən müharibəsi qazilərinin və Qarabağ bölgəsindən olan tanınmış incəsənət adamlarının iştirakı ilə görüşlər, şəxsi və komanda inkişafı yönümlü təlimlər, Qarabağda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, mədəniyyət axşamları, ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər təşkil olunub.
Düşərgənin 21 dekabr tarixində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən bağlanış mərasimi Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Bağlanış mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Muradlı, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, təşkilatın idarə heyətinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak ediblər. Çıxışlardan sonra mərasim tanınmış incəsənət ustalarının və düşərgədə iştirak edən istedadlı gənclərin təqdimatında Qarabağın mədəniyyətini əks etdirən musiqi, rəqs və şeir kompozisiyaları ilə davam edib.
Sonda “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsinin qalibi açıqlanıb. Beş gün boyunca fəaliyyətlərdə daha aktiv iştirak edən, qiymətləndirmə meyarları üzrə ən yüksək nəticə göstərən “Xarıbülbül” komandası 2022-ci il üzrə düşərgənin qalibi elan olunub. Qaliblər və düşərgədə iştirak edən Vətən müharibəsi qaziləri hədiyyələrlə mükafatlandırılıb.