Şuşanın içməli su ilə təmin olunması üçün alternativ su mənbəyi yaradılır

Şuşanın içməli su ilə təmin olunması üçün alternativ su mənbəyi yaradılır

Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirlir.

Dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. “Azərsu” ASC-nin sifarişinə uyğun olaraq Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.

Yeni mənbə suya tələbatın kəskin artdığı yay aylarında, eləcə də sərt şaxtalar zamanı Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın azaldığı qış aylarında Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək. Layihəyə uyğun olaraq Kiçik Kirs mənbəsində yenidənqurma işləri aparılıb, yeni sutoplayıcı qurğu, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara 5,3 km-lik yararsız hissəsi polad borularla əvəzlənib, magistral kəmərin üzərində təzyiqqırıcı və subölüşdürücü kamera inşa olunub.

Qeyd edək ki, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlər zamanı şəhəri içməli su ilə təmin edən hər iki magistral kəməri məqsədli şəkildə sıradan çıxarılmışdı. 

Share: