Təmirə bağlanan məktəb niyə üç ildir açılmır?

Təmirə bağlanan məktəb niyə üç ildir açılmır?

Sumqayıt şəhəri 36 nömrəli tam məktəbin valideynləri təmirə bağlanan məktəbin fəaliyyətə başlamamasından narazıdırlar. 

Bu barədə onlar Oxu.Az-ın redaksiyasına şikayət ünavnlayıblar. 

Bildirilib ki, təhsil ocağı üç ildən artıqdır təmirə bağlanıb:

“Pedaqoji heyət və şagirdlər müvəqqəti olaraq Sumqayıt şəhəri 16 nömrəli məktəbin yanındakı binaya köçürülüblər. Amma üç ildən çox vaxt keçsə də, məktəbin təmiri bitmir. Bizə məktəbin yenidən fəaliyyət göstərib-göstərməyəcəyi barədə də məlumat verilmir. Hər gün uzaq məsafəyə uşağı dərsə aparıb-gətirmək çətinlik yaradır”.

Məsələ barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 36 nömrəli məktəb 1989-cu ildə tikilib və istifadəyə verilib:

“Məktəb 1296 şagird yerlikdir. Yaranmış qəzalı vəziyyət səbəbi ilə 25.12.2019-cu il tarixindən təmirə bağlanıb. Şagirdlərin məktəbə gediş-gəlişlərini rahat və təhlükəsiz formada təmin etmək məqsədi ilə yaxın günlərdə ödənişsiz servis xidməti təşkil olunacaq”.

“Bununla yanaşı bildirmək istərdik ki, məktəbin binasının əsaslı təmiri bu ildə nəzərdə tutulub”, – deyə qurumdan qeyd edilib.

İlhamə Əbülfət

Share: