“Taxıl dəhlizi” çərçivəsində bu gün, oktyabrın 2-də daha beş gəmi Ukrayna limanlarını tərk edib. Onlar Afrika və Avropa ölkələrinə kənd təsərrüfatı məhsullarını daşıyırlar.
Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.
“Bu gün “taxıl təşəbbüsü”nün həyata keçirilməsi çərçivəsində Odessa, Çornomorsk və Yujnı limanlarından beş gəmi çıxıb. Onlar Afrika və Avropa ölkələri üçün 114,7 min ton kənd təsərrüfatı məhsulu daşıyır”, – məlumatda deyilir.
Eyni zamanda, BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən icarəyə götürülmüş beşinci gəmi olan “New Island” gəmisi yüklənmə üçün bu gün Çernomorsk limanına gəlib. Buğda yükləndikdən sonra o, Somaliyə gedəcək.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMT və Türkiyə Qara dənizlə Ukrayna taxılının ixracına imkan yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk etdi.
Ümumilikdə, indiyədək 257 gəmi Asiya, Avropa və Afrika ölkələrinə göndərilib.