“Transplantasiyanın həyata keçirilməsinə dövlət tərəfindən vəsait ayrılmalıdır, çünki xərci böyükdür, milyonlar lazımdır. Burada söhbət 5-10 yox, 100-200 milyondan gedir. Həmçinin bu əməliyyat bir adamın işi deyil, kollektiv əmək istəyir. 20-30 nəfərlik bir komanda olmalıdır. O komandaya cərrahlar, anestezioloqlar, laborantlar, transplantoloqlar, reanimatoloqlar, tibb bacıları daxildir”.
Bu sözlərin müəllifi professor, cərrah Mübariz Əliyevin qənaətincə, Azərbaycanda transplantologiyanın vəziyyəti bərbaddır.
Xatırladaq ki, Azərbaycanda qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanının götürülməsinə görə cəzalar müəyyənləşib. Bununla bağlı avqustun 1-də dövlət başçısı tərəfindən müvafiq qanun imzalanıb.
Ölkəmizdə transplantologiya sahəsində fikirlərini Oxu.Az-la bölüşən Mübariz Əliyev qeyd edir ki, öncə bu işin texnikasını öyrədən məktəb yaradılmalıdır:
“Bu gün mən gedib almanlarla, amerikanlarla birgə əməliyyat həyata keçirirəm, cərrahiyyədə elə bir əməliyyat yoxdur ki, onu edə bilməyim. Ancaq sahədəki biliklərimi öz xərcimlə inkişaf etdirmişəm. Xalqdan qazandıqlarımla öyrəndiklərimi xalqa qaytarıram. Kimsə haradasa oğurluq-doğruluq bir qaraciyər, yaxud böyrək köçürürsə, bu, elə-belə şeydir. Çünki bizdə onun texnikasını öyrədən məktəb yoxdur. Əvvəlcə dövlət səviyyəsində o məktəb yaradılmalıdır. Onlara investisiya qoyulmalıdır. Ayrıca və ya Cərrahiyyə İnstitutunun nəzdində Transplantologiya İnstitutu olmalıdır. Bunlar olmadığı üçün hazırda Azərbaycanda orqan köçürülməsindən danışmaq gülüncdür.
Cərrahın fikrincə, transplantologiya Azərbaycanda oturuşanadək qanunlar həkimlərin və xəstələrin lehinə yumşaldılmalıdır:
“Biz Belarusda qaraciyər və böyrək transplantasiyasını həyata keçiririk, orada bunun mərkəzi var, əməliyyat elə də çətin deyil, sadəcə, dediyim kimi, komanda işləməlidir, o komanda bizdə çatışmır. Biz bu gün böyrək köçürülməsindən danışa bilmirik, qalmışdı ağciyər, ürəkköçürmə əməliyyatı.
Bildirim ki, ağciyər kompleksdir, onun köçürülməsi üçün məktəb lazımdır. Qanunlarımız buna xidmət etməlidir. Cərimə qərarı çox xoşuma gəldi, qanun yumşaldılıb, ümumiyyətlə, transplantologiya Azərbaycanda oturuşanadək qanunlar həkimlərin və xəstələrin lehinə yumşalmalıdır. Ölkədə transplantologiyanın əleyhinə elə ciddi qanunlar var ki, onlar bizdə bu sahənin inkişafına imkan verməyəcək. Prezidentimiz də hazırda bunu görür və ona görə də artıq yumşaltma prosesinə başlanıb, məhz yeni qərarla prosesə start verildi”.
Sayad Həsənli