Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr – Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətirilib.
Bu barədə APA-ya tələbələrin atası Mübariz Cəfərov məlumat verib.
M. Cəfərov deyib ki, qızları hazırda yaşadıqları Gədəbəy rayonunun İnəkboğan kəndindədirlər:
“Bütün səlahiyyətli şəxslərə minnətdarıq. Hər iki qızımı sağ-salamat evə gətiriblər. Gülşənlə Jalənin ümumi vəziyyəti yaxşı olsa da, hələ də aldıqları travmadan əziyyət çəkirlər. Yegənə istədiyimiz budur ki, xəstəxanaların birində tam müalicə olunmasına köməklik gostərilsin”.
Qeyd edək ki, Jalə və Gülşən Cəfərova Kahramanmaraşda baş verən zəlzələ zamanı dağıntılar altında qalıblar. Onlar ərazidəki sakinlərin köməyi ilə xilas edilibkər. Gülşən Cəfərova Kahramanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar.
7 fevral, 14:50
Türkiyənin cənubundakı Kahramanmaraş vilayətində baş verən zəlzələdə zərər çəkən Gülşən və Jalə Cəfərova bacıları yaxın vaxtlarda Azərbaycana təxliyə olunacaqlar.
Bu barədə Media.az-a Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva məlumat verib.
“Hələlik Cəfərova bacılarının vətənə təxliyəsinin dəqiq vaxtını söyləmək çətindir. Hər şey onların sağlamlıq vəziyyətindən asılı olacaq”, – deyə səfirliyin nümayəndəsi bildirib.
Yeri gəlmişkən, zəlzələnin baş verdiyi Kahramanmaraşda 50-dən çox azərbaycanlı tələbənin olduğu bildirilir. Ümumilikdə isə Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.
Aygün Qocayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyində qaynar xətt yaradılıb və bu xətt vasitəsilə zərər çəkmiş Azərbaycan vətəndaşlarının yaxınları doğmalarının vəziyyəti ilə bağlı məlumat ala bilərlər.
“Qaynar xətt günün 24 saatı açıqdır. Bizə çoxlu zənglər daxil olur. Hər kəsə cavab verməyə çalışırıq ki, heç kim məlumatsız qalmasın. Qeyd edək ki, bizə azərbaycanlıların axtarışı ilə maraqlanan və onların taleyindən narahat olan Türkiyə vətəndaşları da zəng edirlər. Onlar da səfirliyə öz yardımlarını təklif edirlər”, – Aygün Qocayeva əlavə edib.
Məlumat üçün qeyd edək ki, ötən gün Türkiyənin bir sıra şəhərlərində baş verən dağıdıcı zəlzələdən sonra xilasedicilər Kahramanmaraşda Azərbaycandan olan iki tələbə bacını dağıntılar altından çıxarıblar. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilən Gülşən və Jalə Cəfərova bacıları xəstəxanaya yerləşdirilmişdilər.
Xatırladaq ki, 6 fevral tarixində Türkiyə ərazisində 7,7 maqnitudalı zəlzələ olub. Bildirilir ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində, 7 km dərinlikdə olub. Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılar var.
Son məlumatlara görə, zəlzələ nəticəsində 3 432 nəfər ölüb.