Ali Radanın deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən sammitində Rusiya nümayəndə heyətinin çıxışını kəsməyə cəhd ediblər.
Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva pencəyinə “Müqəddəs Georgi lenti” sancıb ki, bu da Ukrayna rəsmilərinin narazılığına səbəb olub. Onlar qadın çıxış edərkən onun oturacağının arxasında Ukrayna bayrağı açıblar. Rusiya nümayəndə heyətinin üzvləri ukraynalıların hərəkətlərinin qarşısını almağa çalışıblar.
Bundan sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edib. O, fasilə elan edərək tədbirin qaydalarını pozan nümayəndə heyətinin zalı tərk edəcəyini bildirib.
Şentop deyib ki, hər kəs öz fikrini şifahi ifadə etmək hüququna malikdir.
Hadisədən sonra dəhlizdə daha bir dava düşüb. Rusiyalı nümayəndə ukraynalı deputat Aleksandr Marikovskinin əlindən Ukrayna bayrağını alıb və bunun nəticəsində yumruqla zərbə alıb.
Mənbə: Anadolu