Sosial şəbəkələrdə Türkiyədən göndərilən dərmanların vətəndaşlardan alındığı deyilir.
Belə ki, bir çox sosial şəbəkə istifadəçiləri paylaşım edərək daha əvvəllər Türkiyədən Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatı (PTT) vasitəsilə il ərzində on dəfə Azərbaycana dərman göndərdiklərini qeyd ediblər. Lakin artıq vətəndaşlara Azərbaycana dərman göndərməyin mümkün olmadığı bildirilib.
Bəzi şəbəkə istifadəçiləri bu qadağanın üç ildir tətbiq olunduğunu, bəziləri isə bu ildən belə bir məhdudiyyətlə qarşılaşdıqlarını qeyd edirlər. Vətəndaşlar gətirilən və ya göndərdikləri dərmanların şəxsi istifadə üçün olduğunu xüsusilə qeyd edirlər. Qadağanın isə Azərbaycan tərəfindən qoyulduğu iddia olunur.
Məsələ ilə bağlı “Azərpoçt” MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı yaranan çətinliyin qurumun səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur.
Ölkəyə gətirilən məhsullar və utilizasiya ilə bağlı Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərini nəzərə alaraq məsələ ilə bağlı onların da rəyini öyrənməyə çalışdıq. Komitədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə heç bir qadağa yoxdur:
“Hər bir şəxs şəxsi istifadə məqsədilə, şəxsi istifadə miqdarında dərman vasitəsi gətirə bilər. Bu məsələ Nazirlər Kabinetinin 305 saylı qərarının 2.1.7 bəndi ilə tənzimlənir”.
Söhbət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarından gedir. Belə ki, “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən, gömrük ödənişlərinin alınmasının sadələşdirilmiş qaydası”nın 2.1.7-ci bəndində qeyd edilir:
“2.1.7. Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri keçirilə bilər”.
Qeyd edək ki, bir qrup ekspert mətbuata açıqlamalarında son bir ildə dərman qiymətlərinin bir neçə dəfə bahalaşdığını və keyfiyyətlərinin düşdüyünü qeyd ediblər.
Könül Cəfərli