Avqustun 9-da Türkiyənin Ukrayna Silahlı Qüvvələrinə “Kirpi” zirehli transportyorlarının ilk partiyasını təhvil verdiyi açıqlandı. Ukraynanın “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Misyagin bildirdi ki, Dəniz Piyadaları Korpusunun iki briqadası artıq əlli belə maşından istifadə edir və daha yüz əlli maşının gəlməsi gözlənilir.
Bu isə özlüyündə Türkiyənin Rusiya-Ukrayna müharibəsində heç də Rusiyaya dəstək çıxmadığının bariz nümunəsidir. Lakin son günlər bəzi kənar qüvvələr Türkiyənin Rusiya ilə ticarət əlaqələrinə fərqli don geyindirməyə çalışırlar. Hətta Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqiylə bağlı çağırışlar etməkdən də geri qalmırlar.
Maraqlıdır, Rusiya-Ukrayna müharibəsində daim tərəfləri sülhə səsləyən, gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olan, Ukrayna taxılının bazara çıxışında təhlükəsizliyi təmin etmək üçün əlindən gələni əsirgəməyən Türkiyənin siyasəti hansı qüvvələrin maraqları ilə toqquşur? Onu əsas aktor sırasından çıxarmağa çalışan qüvvələrin uğurlu olmaq ehtimalı varmı?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Oxu.Az-a açıqlamasında Türkiyə əleyhinə çağırışların ciddi nəticələr verməyəcəyini deyib:
“Qərbdə Türkiyəyə qarşı mövqedə dayanan xeyli qüvvələr var. Onlar hər bir faktdan istifadə etməyə çalışırlar. Amma bildiyim qədərilə həm NATO rəhbərliyi, həm də ATƏT-in sədri bu yaxınlarda çıxış etmişdilər ki, Türkiyənin bu münaqişədə rolu çox konstruktiv, hətta bir sıra məsələlərdə pozitivdir. Məsələn, taxılın ixracıyla bağlı məsələləri həll etməyə çalışır. Həmçinin güman ki, Polşada “Bayraktar” PUA-larını istehsal edən zavod tikəcək, bunu Ukrayna üçün edəcək. Ona görə də mən sanksiya ilə bağlı çağırışların icra olunacağına, hansısa ölkənin buna cəhd edəcəyinə inanmıram”.
BMTM-in şöbə müdiri, politoloq Fuad Çıraqov isə hesab edir ki, Türkiyənin Rusiya ilə ticarət əlaqələrini müharibədə Rusiyaya dəstək çıxılması kimi şərh edən dövlətlər əvvəlcə özlərinin Rusiya ilə müharibədən əvvəl və müharibə dövründəki ticarət əlaqələrinin həcminə baxmalıdırlar:
“Bu yaxınlarda “Şimal axını”nın fəaliyyətini bərpa etdilər, amma bunun müvəqqəti olduğunu deyirlər, zamanla görəcəyik. Ötən müddətdə Rusiya ilə ticarət əlaqələrinə və özlərinin iqtisadi maraqlarına görə Ukraynanı güzəştlərə getməyə çağıran, hətta məcbur etməyə çalışan dövlətlər hansılar idi? Aylardır Ukraynaya silah söz verdikləri halda, onu verməkdən boyun qaçıran, müxtəlif bəhanələrlə yubadan, bəzən yararsız silah göndərən ölkələr hansılardır? Müharibə gedişində hansı ölkələrin şirkətləri idi ki, Rusiyaya hərbi məqsədli müxtəlif texnologiyalar ötürürdü? Elə həmin dövlətlər bu gün Türkiyə-Rusiya münasibətlərindən narahatdır. Bu cür əks-arqumentlər kifayət qədərdir”.
Siyasi şərhçi qeyd edib ki, Türkiyə Rusiya ilə iqtisadi və ticarət əlaqələrini heç zaman prinsipial mövqeyindən, Ukrayna ilə hərbi əməkdaşlıqdan və ona yardımdan üstün tutmayıb:
“Bəzi ölkələr Ukraynanın tezliklə məğlubiyyətini gözləyərkən müharibənin ilk vaxtlarında məhz Türkiyənin verdiyi silah və texnika Rusiyanın irəliləməsinin qarşısını aldı. Bu gün Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri dünya bazarına taxılın çıxarılmasına imkan verir ki, bu bəzi ölkələrdə aclıq təhlükəsinin qarşısını alır. Türkiyəyə qarşı bu cür iddialar sadəcə olaraq ənənəvi türk düşmənliyindən, qərəzliliyindən, ikili standartlardan irəli gəlir. Həmin dairələr Türkiyənin müstəqil dövlət kimi öz milli maraqları əsasında hərəkət etməsini deyil, başqa ölkələrin sözü ilə qalxıb-oturan oyunçu olmasını istəyirlər”.
Sayad Həsənli