Ermənistan Xarici İşlər Nazirliyi artıq bir aydır ki, Azərbaycanla sülh müqaviləsi mətninin layihəsini hazırlayır, ötən gün isə İrəvan mediasının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan işi sürətləndirməyi tapşırıb.
Amma çox güman ki, əsl tapşırıq tamamilə fərqlidir, çünki elə eyni erməni KİV-ləri Ermənistan və mövcud olmayan “Artsax”ın vahid dövlət olduğu barədə materialları aktiv şəkildə dərc etməyə başlayıblar, çünki bu, Müstəqillik Bəyannaməsində qeyd olunub, buna görə də Ermənistanın “sərhədlərində istənilən dəyişiklik referenduma çıxarılmalı və parlamentdə ratifikasiya edilməlidir”.
Rusiya qanunvericiliyinə görə RF ərazisi hesab olunan Krımla da bəzi paralellər var. Bu barədə vəziyyəti Oxu.Az-a şərh edən tanınmış ukraynalı siyasi məsləhətçi, hüquq elmləri namizədi (PhD), beynəlxalq hüquqşünas İrina Serova Sovet İttifaqı dağılan zaman bir çox sənədlərin çoxlu sayda hüquqi qeyri-dəqiqliklərlə qəbul edildiyini və manipulyasiyaların nəticəsi olduğunu qeyd edib.
– Ondan başlayacağam ki, Rusiya keçmiş 15 sovet respublikasının bütün borclarını öz öhdəsinə götürdü, bunun müqabilində isə SSRİ-nin qızıl-valyuta ehtiyatları hüququnu aldı. Çoxlu manipulyasiyalar, qeyri-dəqiq xülasələr var idi… Nəticədə bütün bunlar postsovet məkanının müstəqil ölkələrinin üzləşdikləri problemlərə səbəb oldu.
– Gəlin beynəlxalq səviyyədə tanınmış sərhədlərdən danışaq…
– SSRİ dağılandan sonra 15 yeni dövlət yarandı. Elə sərhədlər var ki, BMT tərəfindən tanınıb. Bundan əlavə, həm ikitərəfli, həm də çoxtərəfli bir sıra beynəlxalq müqavilələr var. Bütün bunlar çoxlu sayda sənədlərdə qeyd olunur. Krım hər yerdə Ukrayna ərazisi kimi qeyd olunur, müstəqil Ukrayna dövlətinin bir hissəsidir. Ukraynadakı hazırkı vəziyyət və Qarabağda vaxtilə baş verənlərin isə beynəlxalq hüquqla heç bir əlaqəsi yoxdur.
Hazırda beynəlxalq ictimai hüquq sistemi beynəlxalq təhlükəsizlik strukturu ilə birlikdə tamamilə tapdalanır. Biz bunu bir çox beynəlxalq təşkilatların – BMT, ATƏT, hətta Qızıl Xaç Cəmiyyətinin timsalında Rusiya Federasiyasının işğalçılıq siyasətinə qarşı səmərəsizliyində görürük. Hazırda BMT tənəzzüldə olan Millətlər Liqasını xatırladır.
Beynəlxalq hüququn bugünkü mahiyyətini yumşaq normalar təşkil edir. Müharibə edib başqalarının ərazilərini ələ keçirmək olmaz. Bəs pozuntunun ardınca hansı sanksiyalar və nə dərəcədə ciddi olacaq? Beləliklə, özlərini beynəlxalq səviyyədə qəbul edilmiş normalardan yüksək hesab edən Rusiya Federasiyası kimi ölkələr meydana çıxır.
– İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə çaldıqdan və işğal olunmuş torpaqları azad edəndən sonra Rusiya Qarabağın Azərbaycan olduğunu tanıdı.
– Heç bir halda Rusiya üçün Krım və Qarabağ ərazisinin geosiyasi əhəmiyyətini müqayisə etmək olmaz. Bəli, Qarabağ önəmlidir, amma Krım Rusiya Federasiyası üçün ən azı, mental olaraq daha vacibdir. Rusiyanın imperiya siyasətinin bütün konsepsiyası hazırda “Krım bizimdir”, “Ukrayna dövlət deyil” və s. təşkil edir. Ukrayna üçün isə hazırda Rusiya Federasiyasının hərbi gücünü məhv etməkdən başqa variant yoxdur. Kremldə indiki rejim dəyişsə belə, onlar heç vaxt dayanmayacaqlar.
Rusiya müxalifətinə, elə həmin Aleksey Navalnıya baxın. Onun ifadəsini, yəqin, xatırlayırsınız: “Krım buterbrod deyil ki, qaytarasan”. Ukrayna Krımı özünə qaytaranda isə onların mövcudluğu ilə bağlı bütün konsepsiya çökəcək. Məgər Krım Rusiyanın ərazisi idi? Mən tarixi reallıqlara girməyəcəm, düşünürəm ki, onlar hamıya məlumdur.
– Bəli, tarixi döngələrin dərinliyinə getməyə dəyməz. SSRİ-nin dağılmasından sonra Krım Muxtar Respublikası Ukraynanın tərkibində olub…
– Tamamilə doğrudur. Beynəlxalq hüquq və ümumiyyətlə istənilən məntiq baxımından bura Ukrayna ərazisidir. Amma Rusiyanın imperiya məntiqinin nə qanunla, nə də məntiqlə heç bir əlaqəsi yoxdur. Sadəcə, bütün dünyaya sırımağa çalışdıqları uydurma bir konsepsiya, mif var.
– Ermənistan isə dünyaya “erməni Qarabağı” mifini təlqin edir.
– Əlbəttə. Amma bu yolla sərhədləri müəyyən etmək üçün orta əsrlərə getmək olar. Bu yol heç yerə aparmır. Bütün bu vəziyyət Birinci Dünya müharibəsindən əvvəl, dövlətlərin əraziləri bölməyə başladığı zaman baş verənlərə çox bənzəyir. Hazırda beynəlxalq təhlükəsizlik sistemi böyük yenidənqurma və sərtləşdirmə tələb edir, əks halda dünya xaosa qərq olacaq.
Nair Əliyev