Oktyabrın 9-da Vəkillər Kollegiyasının (VK) Hüquqi Yardım və Tədris Mərkəzində Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində “Mediasiya haqqında” Qanunun tətbiqinə dəstək” fəaliyyəti üzrə beynəlxalq ekspert Leonardo D`Urso ilə görüş keçirilib.
Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.
Bildirilib ki, görüşdən əvvəl qonaq mərkəzin inzibati binası ilə tanış olub, qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Daha sonra görüşü giriş sözü ilə açan VK-nın sədr müavini – Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov qonağı kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq, Dünya Bankı ilə əməkdaşlığın səmərəli və faydalı olduğunu deyib. O, VK-nın mediasiya institutunun həmtəsisçisi kimi, mediasiya fəaliyyətinə göstərilən dəstəkdən, mediasiya fəaliyyətində vəkillərin rolundan və bu sahədə təcrübədə rast gəlinən məsələlər barədə danışıb.
Mediasiya üzrə beynəlxalq ekspert Leonardo D`Urso çıxışında qeyd edib ki, VK ilə sıx əməkdaşlıqdan məmnundur və kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirir. Qonaq diqqətə çatdırıb ki, “Mediasiya haqqında” Qanunun tətbiqinə dəstək” “Tövsiyələr paketi layihəsi və fəaliyyət planı” üzrə yekun hesabatın hazırlanması tamamlanıb.
Daha sonra hesabat dinlənilib və təqdim edilib.
Görüş çərçivəsində VK Rəyasət Heyətinin aparatı yanında Mübahisələrin alternativ həlli üzrə komitəsinin üzvləri, vəkillər – Qasım Şaliyevlə Natiq Məmmədov çıxış edərək mediatorların hazırlanması istiqamətində müvafiq işlərin görüldüyünü, müxtəlif kurs və təlimlərin keçirildiyini vurğulayıblar.
Görüşdə, həmçinin, Bankın dəstəyi ilə həyata keçirilən layihə barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.