Erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan olan Şirinovlar ailəsi düşmən güllələri altında dədə-baba kəndləri olan Böyük Mərcanlını tərk etməli oldular.
Onlar kəndi tərk edən zaman bir-iki şəxsi əşya və bir də doğma torpaqlardakı xatirələri özləri ilə apara bilmişdilər.
“Report”un Muğan bürosunun əməkdaşı Vətən müharibəsi zamanı işğaldan azad edilən ilk kəndin sakinləri olan həmin ailə ilə Biləsuvar rayonunda yerləşən qaçqın şəhərciyində görüşüb.
Ailə başçısı Mustafa Şirinovun sözlərinə görə, ailəsi Biləsuvarda yaradılan qaçqın düşərgəsində yayın istisini, qışın palçıqlı həyatını yaşamağa məcbur olub:
“Çadırdan qaçqın qəsəbələrinin yaradılmasına keçiləndə bizim, Cəbrayıl qaçqınlarının məişəti kifayət qədər yaxşılaşdı. Tərəkəmə maldarlığı, əkin-biçinlə məşğul olduq. Bu həyatı Vətən nisgili ilə tərk edənlər olduğu kimi, ömürlərinə qaçqın düşərgəsində dünyaya göz açmaq düşmüş yeni nəsil də yaranır. 2016-cı ildə Azərbaycan Ordusu Cocuq Mərcanlını azad edəndə ümidlərimiz artdı. Cocuq Mərcanlıyla qonşu olan kəndimizə, Böyük Mərcanlıya bir addım, amma atılmalı böyük bir addım qalırdı”.
Ailə üzvü Elnarə Şirinovanın sözlərinə görə, Azərbaycan Ordusunun Böyük Zəfərə başladığı 2020-ci ilin 27 sentyabrında ilk azad etdiyi kənd də elə Böyük Mərcanlı oldu:
“Biz, Böyük Mərcanlıdan olanlar da daha gözəl, daha abad, daha müasir kəndimizə qayıtmağa hər an hazırıq. Xatirələr də, ənənələr də, köhnə fotolar da, elə nisgilli ruhlar da yenidən doğma ocağımıza dönəcək. Yəqin ki, qayıdışdan sonra bu qaçqın qəsəbələri də tariximizin bir parçası olaraq qorunacaq”.