“Yaxşı kino olmaması böyük faciələrə yol aça bilər”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kino sənayesinin yaranmasına ehtiyac var:
“Bu yaxınlarda məndən soruşdular ki, kino olmasa, nə olar? Dedim ki, kino olmasa, böyük faciə, fəlakət olmaz. Lakin yaxşı kino olmaması böyük faciələrə yol aça bilər. Yaxşı kinolar gözləyirik. Mən həm də tamaşaçıyam. Uşaqlıqdan kinoya baxmağı sevirən. Çalışıram ki, kinorejissor kimi maraqlı filmlər çəkək. Bəyin oğurlanması filmi 1985-ci ildə çəkilib. Bu gün də dildən düşmür. Bu günə qədər reytinqlidir”.
V.Mustafayev qeyd edib ki, Azərbaycan kinosu qurulur:
“Kino forumu proseslər getdiyini göstərdi. Kino sənayesi yaranmalıdır. Mən buna inanmaya bilmərəm. Azərbaycan kinosu qurulur”.
Nəzrin Vahid