Xərçəngdən əziyyət çəkən Əlinin atası: “Məzun olduğunu görmək ən böyük arzumdur”

Lənkəranda yaşayan 2006-cı il təvəllüdlü Əliyev Əli Amid oğlu xərçəngdən əziyyət çəkir.

Müstəqil.Az bildirir ki, bu barədə Oxu.Az-a onun atası Əliyev Amid Məhərrəm oğlu məlumat verib.

O qeyd edib ki, oğlu idmanla məşğul olduğu üçün əvvəlcə onun ayağındakı şişi hiss etməyiblər:

“Ayağında üç-dörd il idi ki, problem var idi. Məsələnin ciddiliyini anlayanda dərhal onu xəstəxanaya apardıq. Bu zaman oğluma osteoxondroma (xoşxassəli sümük törəməsi) diaqnozu qoyuldu.

Övladımın ayağı günü-gündən pisləşir. Artıq həmin hissədə dəri qalmadığı üçün ətində iylənmə gedir. Bizə İranın paytaxtı Tehranda yerləşən “Pars” xəstəxanasından müsbət cavab gəlib.

Bildirilib ki, Əlinin ayağındakı törəməni qaşıma yolu ilə təmizləyəcəklər. İmkanı olan şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bizə lazım olan 5000 manat puldan 2500 manat əskiyimiz qalıb. Oğlum bu il 11-ci sinfə getməlidir, lakin vəziyyəti ilə əlaqədar olaraq məktəbə gedə bilmir. Onun məzun olduğu günü görmək ən böyük arzumdur”.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Əli Əliyevin ailə üzvü ilə əlaqə saxlanılıb:

“Ə.Əliyev onkoloji xəstəlik olan osteoxondromadan (xoşxassəli sümük törəməsi) əziyyət çəkir.

Ailəyə onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmadığı bildirilib. Bununla yanaşı, xəstənin hərtərəfli müayinə olunması və müvafiq müalicə üsulunun təyin edilməsi üçün Agentlik tərəfindən ailəyə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (İnstituta) müraciət etmək tövsiyə olunub və Agentliyin bu məsələdə dəstək olacağı qeyd olunub. Əlavə olaraq bildirilib ki, Agentlik Ə.Əliyevin hazırda yaşadığı Masallı rayonundan İnstituta təcili tibbi yardım avtomobili vasitəsilə çatdırılmasını təmin edə bilər. Lakin ailə xəstənin yalnız İran İslam Respublikasında müalicə olunmasına qərar verdiyini və bu ölkədə tibbi xidmət almaq üçün pulyığma aksiyasına ehtiyacı olduğunu ifadə edib”.

Ailə ilə əlaqə nömrəsi: 070 206 63 43

 

Share: