Xəzərdən 200 il çürüməyən tullantıları toplayan dalğıclarla REPORTAJ

Xəzərdən 200 il çürüməyən tullantıları toplayan dalğıclarla REPORTAJ

Düzü, “Facebook” sosial şəbəkəsində “Gəlin, birlikdə Xəzər dənizinin sualtı hissəsində zibilləri təmizləyək”, – cümləsini oxuyanda təəccübləndim.

Çünki hər zaman dənizin sahilboyu hissəsi ilə bağlı aksiyaların keçirilməsi, sahillərin təmizlənməsi ilə bağlı xəbərləri görməyə öyrəşmişik.

Bəs Xəzər dənizinin dərinlikləri necə təmizlənəcək?

Oxu.Az olaraq, bu suallara cavab axtarmaq məqsədilə Xəzər dənizinin Şüvəlan çimərliyinə üz tutduq.

Burada dalğıclar ilk olaraq geyimlərini geyinir, hansı istiqamət olduğunu seçir və suya doğru hərəkət edirlər.

Qeyd edək ki, ölkə üzrə il ərzində müxtəlif vaxtlarda sahilyanı təmizlik aksiyası təşkil olunur. Bu il IDEA İctimai Birliyi tərəfindən təşəbbüs göstərilib.

Dalğıclar bir saatdan çox suyun dibindən tullantıları təmizləyir və sahilə doğru gəlirlər.

Dayvinq məşqçisi Rauf Zeynalov deyir ki, Xəzər dənizinin dibində əsasən insanların atdıqlarıdır:

“Həmin atılanlar 200 il çürüməyən tullantılardır. Sellofan torbalar, alüminium qablar çıxarırıq. Biz bu gün dalğıclar olaraq, beş-altı metr dərinliyə endik və tullantıları topladıq. Çünki zibillər əsasən beş-altı metr dərinliyə kimi sahilə yaxın yerlərdə olur”.

Xəzərin sualtı hissəsində 14 dalğıc zibillərin təmzilənməsində iştirak edib.

Dalğıclar deyir ki, hər il bu işlərin keçirilməsi üçün böyük  dəstək verilməlidir.

R.Zeynalov əlavə edib ki, Xəzər dənizi çirklidir desə də, təmizlənməsində çox kömək etmirlər:

“Mənim 40-dan çox dalğıc tələbələrim var. Xəzərin dibinin çirkdən təmizlənməsində maraq göstərsələr də, hamı eyni vaxtda gəlmir. İnsanlar Xəzər çirklidir deməklə məşğul olurlar, amma addım atıb zibillərdən təmizlənməsində rol oynamaq istəmirlər. 23 ildir ki, dalğıc kimi fəaliyyət göstərirəm. Hər dənizə girəndə tullantılar toplayıram. Bu dəfə komanda olaraq Xəzər dənizinin dibini təmizləyəndə çox çətinlik çəkdik. Çünki həmişə dənizə dalanda nə görürdüksə, toplayırdıq, bu gün isə əziyyət çəkib, zibilləri tapıb, yığdıq”.

Həmsöhbətim deyir ki, əgər dalğıc dərinliyə enəcəksə, axın nə qədər güclü olarsa, onun üçün bir o qədər çox çətinlik yarana bilər:

“Əgər dalğıc axının yolunu düzgün tutub, onunla bərabər üzə bilirsə, dalmaq ona asan başa gəlir və davam edə bilir. Eyni zamanda, dərinlikdə hava daha çox istifadə olunur. Bu səbəbdən balonda hava tez qurtara bilər. Bu, dalmanın daha tez bitməsinə səbəb olur”.

Dalğıclar arasında illər əvvəl Ukraynadan olan dayvinq klubunu Bakıda inkişaf etdirən Nikolay İlyin də var.

O, illərdir Bakıda yaşayır və bu cür təşəbbüslərin daimi olmasının vacib olduğunu əlavə edib:

“Bu cür təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində və sualtı hissəsində təmizliyə riayət olunmasını təbliğ etməkdir. Biz hər il dalğıclarla birlikdə sualtı hissədən tullantı təmizləyirik. Bu il ilk dəfə olaraq IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, “Təmiz Şəhər” ASC, PADI dalğıc mərkəzinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi “Baku scuba”, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Şüvəlan çimərliyində aksiya baş tutdu. Biz Xəzər dənizinin sahilyanı ərazisi ilə yanaşı, sualtı hissəsini də tullantılardan təmizlədik. Bu, çox gözəl təşəbbüsdür və mütəmadi olmalıdır”.

O, insanlara müraciət edərək, tullantıları yerə atmamağa səsləyib:

“İnsanlar yedikləri yeməklərin qabını, paketlərini, içdiklərini zibil qutularına atarsa, bu zaman bu problem həllini tapar. Təbii ki, qurumlar tərəfindən də müəyyən olunmuş ərazilərə zibil qutuları qoyulmalıdır ki, vətəndaşlar tullantıları oraya atsınlar”.

Xəzər dənizi təkcə bizə məxsus deyil. Atdığımız hər zibil parçası onun flora və faunasına sağalmaz yaralar vurur. Biz hər zibil parçası ilə başqa canlıların “evini” çirkləndirir, həyatını məhv edirik. Bir də min bir zəhmətlə bizim tökdüklərimizi təmizləyən, bəlkə də, bu yolda həyatını da təhlükəyə atan insanları nəzərə alaraq yaşamaq hər birimizin borcudur.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Share: