Xaricdə erməni təxribatlarına sivil sipər: “Ciyərimiz yandı, amma heç zaman əzilmədik”

Xaricdə erməni təxribatlarına sivil sipər: “Ciyərimiz yandı, amma heç zaman əzilmədik”

Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının birləşərək Ordumuza, haqq səsimizə dəstəyinin şahidi olduq. Onların arasında adi vətəndaşlar, diaspor nümayəndələri, iş adamları – hər kəsə rast gəlmək mümkün idi. 

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Son məlumatlara görə, 80 hərbçimiz şəhid oldu. 

Bu hadisədən sonra xaricdə ermənilərin azərbaycanlılara qarşı təxribatları yenidən qızışdı. Bir neçə səfirliyimizə ermənilər hücum etdilər. Eyni zamanda mədəniyyət, incəsənət, siyasət və digər sahələrdə də mənfur əməllərini dayandırmırlar. 

Belə təxribatlara qarşı necə mübarizə aparılmalıdır?

Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı bir neçə diaspor nümayəndəsi ilə danışıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Niderland və Belçikada yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva baş verən hadisələrə biganə qalmadıqlarını deyib:

“Avropa Parlamentinə, Niderland Xarici İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara bəyanat göndərdik. Bu bəyanatlarda Azərbaycanın yenidənqurma işləri apardığı ərazilərində ermənilərin işğalçı, təxribatçı siyasətindən bəhs etdik. 

Sentyabrın 18-də Niderland və Belçika Azərbaycan Koordinasiya Şurasının təşkilatlarından biri, Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırovanın təşkilatçılığı və təşəbbüsü ilə şəhidlərin anım tədbiri keçirildi, soydaşlarımız da iştirak etdilər”.

M.Ağamirzəyeva sədrlik etdiyi təşkilatın Haaqanın mərkəzi küçələrində icazəli piket keçirdiyini qeyd edib:

“Haaqanın mərkəzi küçəsində keçirdiyimiz piketdə sülh istədiyimizi bildirdik. Bununla yanaşı, erməni işğalçılarına plakatlarla bəyanatlar göndərdik, şüarlardan istifadə etdik. “Sülh müqaviləsini imzala!”, “İşğalçı siyasətindən əl çək!”, “Minalama siyasətindən əl çək!”, “Kommunikasiyaları bərpa et!”, “Cənubi Qafqazda üçüncü ölkələrin marağına xidmət edən siyasət yürütmə!” şüarlarını səsləndirdik.

Biz burada mübarizəmizə davam edəcəyik. Xalqımıza dəstək olmağa çalışırıq. Beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar siyasətinin qarşısını almaq üçün təzyiqləri gücləndirməyi tələb edirik”.

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Fransada erməni tərəfdarlarının daha çox olduğunu bildirib:

“Hər iki təşkilat 12-13 sentyabr tarixlərində Ermənistan tərəfindən törədilən təxribat ilə bağlı bəyanatlar verdi. Bu bəyanatlar Fransa hökumətinə, parlamentinə, senatına ünvanlanmışdı. Təbii ki, sosial şəbəkələrdə də bu savaş davam edir.

Çox təəssüf ki, Fransa ictimaiyyətində Azərbaycanın aqressiv bir ölkə olduğunu deməyə çalışırlar. Halbuki ərazi bütövlüyümüzə göz dikən Ermənistandır. Lakin burada fəaliyyət göstərən bir çox erməni diaspor təşkilatı bunun əksini sübut etməyə çalışır. Biz də bunu çox gözəl bilirik”.

M.Fətəliyeva erməni mənşəli fransızların informasiya savaşında maneələr törətdiklərini qeyd edib:

“Sosial şəbəkələrdə mübarizə çox çətindir. Çox azıq. Buna baxmayaraq, aktiv şəkildə fəaliyyət göstərməyə çalışırıq. Yalan məlumatların yayılmasına imkan vermirik. Burada erməni mənşəli fransızlar çoxdur. 500 000-dən çoxdurlar. Bu da sosial şəbəkələrdə informasiya savaşında bizə maneələr törədir. Ümid edirik ki, tez bir zamanda bu məsələ həll olunar. Müzəffər Ordumuza uğurlar diləyirik. Ölkəmizin daim yanında olacağıq”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov isə Ukrayna ictimaiyyətini bu məsələ ilə bağlı məlumatlandırdıqlarını söyləyib:

“Ermənilərin təxribatı ilə bağlı Ukraynanın ən aparıcı media, KİV-də məqalələr dərc olundu.  Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu bu məsələləri işıqlandırdı. Erməni təxribatları ilə bağlı bəyanatlar yayıldı. Ukraynanın Xarici İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara göndərildi. Ümumiyyətlə, informasiya müharibəsi artıq başlayıb”.

H.Cavadov əlavə edib ki, informasiya müharibəsi, əslində, postmüharibə dönəmindən bu günə qədər davam edir:

“Ukraynanın mediasında ermənilər təxribat xarakterli yazılar yaymağa çalışırdılar. Buna qarşı media vasitəsilə mübarizə aparırıq. Ermənilər həmişə informasiya müharibəsini yüksək səviyyədə aparmağa çalışırlar. Onların qarşısını almağa çalışır, həqiqətləri çatdırırıq”.

Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva informasiya müharibəsini ümumiyyətlə dayandırmadıqlarını deyib:

“Qarabağ məsələsi hər zaman gündəmdə olub. Koordinasiya Şurası olaraq daim insanları məlumatlı tuturuq. Sentyabrın 12-13-də baş verənlərə görə artıq ayın 13-də biz bütün beynəlxalq təşkilatlara bəyanat göndərdik. Şəhidlərimiz haqda insanlara bilgilər verdik. Bunların arxasında kimin dayandığı məlum məsələdir”.

İ.Əliyeva əlavə edib ki, yaxın günlərdə ermənilərin səfirliyi qarşısında dinc nümayişlər etməyi düşünürlər:

“Sülh olmasını istəməyən qüvvələr var. Ümid edirik ki, Avropa İttifaqı, İsveç də daxil olmaqla, Qafqazda sülhün olmasının tərəfdarıdır.

Yaxın günlərdə erməni səfirliyi qarşısında dinc nümayişlər etməyi düşünürük. Müzakirələr edirik. İcazə alacağıq. Təxribatların dayandırılması tələbi ilə şüarlar səsləndirəcəyik. Eyni zamanda şəhidlərimizin anım mərasimlərini keçiririk. İnformasiya çox mühümdür”.

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə isə Cenevrədə Birləşmiş Millətlər parlamentarilərinə bu məsələ ilə bağlı məktublar göndərdiklərini bildirib:

“Sentyabrın 12-si və 13-də Azərbaycanın bütün dünyadakı diasporunun, millətinin ürəyini dağlayan xəbərlər aldıq. Ermənilərin törətdikləri təxribatlar, insanlığa sığmaz hərəkətləri  ciyərimizi yandırdı. Lakin heç bir zaman əzilmədik. Onların qarşısında yenilmədik. Etdikləri bütün çirkinlikləri biz diaspor olaraq dünya millətlərinə danışdıq.

Parisdəki səfirliyimizə ermənilər tərəfindən edilən çirkin müqavimət var. Bunun önünü almaq üçün bütün dostlarımıza xəbər verdik”.

Ə.Gəncə informasiya savaşını davam etdirdiklərini əlavə edib:

“Azərbaycan diasporu dünyanın hər yerində, o cümlədən İsveçrədə, 44 gün boyunca haqq mübarizəsini davam etdirdi. Bundan sonra da davam etdirəcəyik.

Biz kilometrlərlə uzaqda olsaq da, ürəyimiz, ruhumuz hər zaman Azərbaycan millətinin yanındadır. Daim dəstək olacağıq”.

Nəzrin Vahid

Share: