Avqustun 26-da Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar.
“Report” xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara Zəfər yolunun qısa müddət ərzində tikilməsi, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlər barədə məlumat veriblər.
Bildirilib ki, avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometrlik hissəsi 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir.
Yol boyu 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Tunellər şərti olaraq T1A (3 303m), T1 (351,5 m), T2 (550m), T3 (681,5 m), T4 (570m), T5 (478,5m) və T6 (526m) adlandırılıb.
Diqqətə çatdırılıb ki, artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tuneldaxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Həmçinin diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilməkdədir.
17:57
Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalı illərində faktiki olaraq dağıdılmış Füzuli şəhərinin mərkəzinə baş çəkiblər.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, onların dayandıqları yer bir vaxtlar çiçəklənən şəhərin mərkəzi olub, lakin işğal nəticəsində buradan yalnız xarabalıqlar qalıb.
Prezidentin xüsusi nümayəndəsi Füzulidə aparılan bərpa işlərindən də danışıb.
Onun sözlərinə görə, şəhərin mərkəzində bərpa işləri aparılarkən xarabalıqların bir hissəsi qorunub saxlanılacaq:
“Şəhərin bu hissəsində Füzulinin işğalı zamanı məruz qaldığı bütün dağıntıları göstərəcək muzey yaradılacaq”.
E.Hüseynov onu da qeyd edib ki, hazırda Füzulidən Şuşaya yeni yol çəkilir.
17:38
Avqustun 26-da Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Füzuli rayonunun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarını izləyiblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılara Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verilib.
Bildirilib ki, bu kənddə 38 ədəd partlamamış hərbi sursat aşkar olunub. Evlərin mütləq əksəriyyəti dağıdılıb ki, bu dağıntılar altında da ermənilər tərəfindən partlamamış hərbi sursatlar aşkarlanıb. Kənd ərazisinin bu gün tamamilə təmizləndiyi, şəhərsalma üçün təhvil verildiyi qeyd edilib.
Sonra xarici diplomatlar minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Daha sonra xarici səfər iştirakçıları Füzuli şəhərində olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xarici diplomatlara şəhərin tarixi barədə məlumat verib. Səfər iştirakçılarına işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar göstərilib. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.
16:00
Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin, hərbi attaşelərin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları hava limanının işi ilə tanış edib.
Qonaqlar bu ərazilərin bərpası və yenidənqurması, minatəmizləmə və postmünaqişə dövründə urbanizasiya potensialından istifadə, habelə beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda iştirak etmək üçün işğaldan azad edilmiş ərazilərə gediblər.
Konfransa sabah Şuşada start veriləcək.
12:32
Azərbaycanda akkreditə olunmuş, Ankarada yerləşən qeyri-rezident səfirlərin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, səfər çərçivəsində Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər, qeyri-rezident hərbi attaşeliyin nümayəndələri, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri və Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları azad edilmiş ərazilərdəki erməni vandalizmi ilə yaxından tanış olacaqlar.
Səfər iki gün davam edəcək.