Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində gecə saatları olmasına baxmayaraq, küçə lampaları işləmir.
Xırdalan sakinləri Bizim.media-ya prospektin işıqlandırılmamasının bir sıra qəzalara səbəb olduğunu bildiriblər. Onların verdiyi məlumata əsasən, artıq üç-dörd ildir ki, prospektdə axşamlar küçə lampaları yandırılmır. Bu isə sutkanın qaranlıq saatlarında sakinlərin evlərinə qayıtmasına ciddi maneələr yaradır.
Sakinlər deyirlər ki, məhz işıqlandırmanın olmaması səbəbindən prospektdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Bəs problem nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədov bildirib ki, artıq bu gün səhərdən problemin həlli istiqamətində iş aparılır:
“Hazırda Xırdalanın əsas küçələrində işıqlandırma işləri aparılır. Bütün Xırdalan şəhəri üzrə işıqlandırma işi ilin sonuna kimi yekunlaşacaq. Uzun illərdir ki, Xırdalanda bu problem var idi. Artıq işıqlandırma işinin aparılması ilə bağlı tender elan olunub”.
İcra hakimiyyətinin rəsmisi mövzu ilə bağlı yaxın zamanda ətraflı məlumatın veriləcəyini qeyd edib.