Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.
Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq götürülüb.
Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.