Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 35 ünvanında yerləşən tarixi binanın fasadının təmirinə başlanılıb.
Bu barədə tanınmış memar Elçin Əliyev paylaşım edib.
O qeyd edib ki, 1903-cü ildə tikilmiş bina memarlıq abidəsidir və dövlət tərəfindən mühafizə olunur. Amma binanın fəsadı təmir olunur.
Məsələ barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq.
Xidmətin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan bina 2022-ci ilin aprel ayında Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 №-li Qərarı ilə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi (inv.№-3569) dövlət qeydiyyatına alınıb:
“Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, bina 35 ünvanında yerləşən abidəyə baxış zamanı qanunsuz təmir-bərpa işləri aparılması faktı aşkarlanıb. Aşkarlanan fakt üzrə tədbirlər çərçivəsində təmir-bərpa işləri layihə sənədləri təqdim olunmayana qədər Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən dayandırılıb.
Bununla əlaqədar icraçı şirkətə xəbərdarlıq edilib ki, rəsmi qaydada görüləcək işlərlə bağlı layihə Dövlət Xidmətinə təqdim olunduqdan və layihə ilə bağlı rəy verildikdən sonra işlərə başlanıla bilər”.
“Bu müddət ərzində görüləcək işlərlə bağlı Dövlət Xidmətinə heç bir müraciət daxil olmayıb. Hazırda tarixi abidənin ilkin görünüşünə xələl gətirən müdaxilələrlə bağlı araşdırmalar aparılır, nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”, – deyə o qeyd edib.
İlhamə Əbülfət