Kulis.az rejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli haqqında on maraqlı faktı təqdim edir.
Ramiz Hacıağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini “Yasin” oxumaqla dolandırıb. 10 yaşı olanda atası dünyasını dəyişib. Ailənin kiçiyi olduğu üçün anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.
Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən – 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayıb. Hətta adına müvəqqəti əmək kitabçası da açılıb. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olub. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla evə göndəriblər.
1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunub. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndiriblər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə ediblər. Bundan sonra kinostudiyada fəhlə kimi işə başlayıb. Həmçinin İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağı qərara alıb. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərib.
1987-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında çəkdiyi “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyib. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalında “ən yaxşı rejissor debütünə görə” nominasiyasının qalibi olub.
O, xalqımızın nə istədiyini çox gözəl bilib və bütün işləri ilə də tamaşaçıların sevimlisi olmağı bacarıb. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi deyir. “Bəxt üzüyü” müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.
“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edib.
Rejissorun iki qızı var. Qızı Xədicəni o, yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmayıb və həyat yoldaşından ayrılıb. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdıb. O, Rasim Balayevdən küsüb və ömrünün sonuna qədər onu bağışlamayıb.
Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik olub. Bu barədə o, müsahibələrinin birində deyib:
“Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü – 2”ni çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.
Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilib. Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edib. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. İnfarkt keçirdiyi açıqlanıb.
Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyib:
“Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.