Yeni il şənlikləri ərəfəsində paytaxtda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün dəridən-qabıqdan çıxırlar. Yaddaqalan bayram gecəsi və maraqlı bayram ab-havası vəd edən bu məkanlar bir çoxları üçün qiymət baxımından əlçatmazdır.
Bəs görəsən, Bakıda belə məkanlarda əyləncəli Yeni il keçirmək üçün nə qədər pul tələb olunur?
Oxu.Az-ın əməkdaşı bununla bağlı təklif olunan qiymətləri araşdırıb. Maraqlı rəqəmlər ortaya çıxıb. Qiymətləri təqdim edirik.
Badamdarda yerləşən restoranların birindən verilən məlumata görə, dekabrın 30-na qədər məkanı rezerv etmək mümkün deyil:
“Yerlər qalmayıb. Yalnız dekabrın 31-i üçün yerlər mövcuddur. Həmin gün adambaşı depozit 175 manat olacaq, iki nəfərə 350 manatdır. 6 yaşa qədər uşaqlara pulsuz, 6 yaşdan yuxarı uşaqlara isə depozit 100 manat təşkil edir”.
Nizami küçəsindəki kafelərdən biri Yeni il üçün xüsusi menyu təklif edilmədiyini bildirib:
“Standart günlər kimi olacaq. Xüsusi Yeni il menyusu təklif etmirik. Saat limiti yoxdur. Şənlik dünən oldu. Növbəti günlərdə fonda musiqi qoyulacaq. Canlı musiqi olmayacaq. Altı nəfərə qədər heç bir depozit tələb olunmur”.
Metronun “Gənclik” stansiyasının yaxınlığındakı restoranlardan birindən qeyd olunub ki, artıq ay sonuna qədər yer qalmayıb:
“Ay sonuna qədər yerimiz yoxdur. Ayın 30-na qədər bir nəfərə 70 manat depozit düşür, ümumi qiymətin üzərinə 12 faiz də gəlir. Dekabrın 31-i üçün yalnız 4 və ya 6 nəfərlik menyular təklif olunur. Adambaşı 100 manat depozit düşür. Şou-proqram da qiymətə daxildir”.
Heydər Əliyev prospektində yerləşən restorandan ayın 31-i üçün depozitin 250 manat olduğunu söyləyiblər:
“Dekabrın 31-i 19:30-dan sonra şou-proqram olacaq. Qiyməti 250 manatdır. Menyu da daxildir. 30-u isə standart günlər kimi menyu iki nəfərə 50 manat olacaq. Saat limit yoxdur”.
İçərişəhərdəki restoranlardan birində qiymətlər mərtəbəyə görə dəyişir:
“Bizdə şou-proqram yoxdur. Cazdır. Musiqi proqramı piano və gitaranın müşayiəti ilədir. Fonda musiqi qoyulacaq. İki nəfər üçün 2-ci mərtəbədə depozit 130, digər mərtəbələr 80, 75 manatdır. Saat limiti yoxdur”.
İçərişəhərdəki başqa bir restoranda isə bir nəfər üçün menyu 50 manatdır:
“Dekabrın 31-də menyu adambaşı 50 manat olacaq. Yerlər var. Digər günlər üçünsə xüsusi menyu təqdim olunmayıb. Qiymət aşağı olsa da, müraciət edənlər azdır”.
Buzovnadakı restoranlardan birində bir gün fərqi ilə qiymətlər adamların sayına görə dəyişir:
“Dekabrın 30-da bir nəfər üçün qiymət 50, 31-də 100 manat olacaq. Hər iki gün şou-proqram olacaq. Saat limiti yoxdur. Yerlər var”.
Tbilisi prospektində yerləşən restoranlardan birinə minimum dörd nəfər gələ bilər:
“Dekabrın 31-də menyu bir nəfər üçün 120 manat olacaq. Şou-proqram da daxildir. 30-da bir nəfər üçün 50 manatdır. Saat limiti yoxdur”.
Metronun “Nərimanov” stansiyasının yaxınlığındakı restoranda bir nəfərlik menyu 200 manatdır:
“Dekabrın 30-na yer yoxdur. 31-i bir nəfər üçün 200 manatdır. Şou da daxildir. Saat limiti yoxdur”.
Şıx qəsəbəsində yerləşən restoranda isə masanın səhnəyə yaxınlığına görə qiymətlər 250-500 manat arasında dəyişir:
“Dekabrın 30-da menyu bir nəfər üçün 50 manatdır, 31-də 250-300-400-500 manata qədər dəyişir. Qiymətlər səhnəyə yaxınlığına görə artır. Şou-proqram olacaq. Saat limiti yoxdur. Adam sayına məhdudiyyət qoyulmayıb”.
Bulvara yaxın restoranlardan birində VIP masalarda qiymət 300 manatdır:
“Yerlər qalmayıb. Sadə masalarda yerlər məhdud sayda mövcuddur. Sadə masaların da qiyməti 200-250 manatdır”.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı ailəvi restoranda bayramı qeyd etmək üçün masaların qiyməti 400-600 manatadək dəyişir. Altı yaşa qədər uşaqlara giriş pulsuzdur.
Qeyd edək ki, restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər.
Nəzrin Vahid