Yerli turizmin inkişafına mane olan “bələdçi” adlı işbazlar

Yerli turizmin inkişafına mane olan “bələdçi” adlı işbazlar

Azərbaycanda turizm sektorunun inkişaf etdiyini, lakin hələ də problemli sahə olduğunu demək olar ki, heç kim danmır. Bu problemlərdən biri də turizm şirkətlərinin özü üçün də narahatlığa çevrilmiş işbaz bələdçilərdir. Söhbət sadəcə öz işini görən, yəni turistlərə bələdçilik edən şəxslərdən getmir. Əsl problem restoranlar və hotellərlə əlbir olub turisti aldadan, özü isə yaxşı qazanc əldə edən bələdçilərdir.

Onların turizm şirkətlərinə hansı problemi yaratdığını öyrənmək qərarına gəldik.

“Report”a mövzu ilə bağlı fikirlərini çatdıran ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri Əziz Şiriyev bildirib ki, bu məsələ onlar üçün də olduqca narahatvericidir:

“Azərbaycanda turizm sektorunda işləmək prinsipi hələ oturuşmayıb. Türkiyə qonşu ölkə olsa da, oradan nümunə götürmək istəmirlər. Bizdə hər hansı bir bələdçi turizm şirkəti ilə əməkdaşlıq edir, sonra həmin şirkətin müştərilərinə deyir ki, “turizm şirkəti ilə çalışmaq mənasızdır, mən sizə daha ucuz qiymətə xidmət edəcəyəm. Müştərinin də marağında daha az pul xərcləməklə eyni şeyləri əldə etmək olduğu üçün razılaşır. Problem ondadır ki, həmin bələdçilər peşəkar deyillər. Yaxşı bələdçi Azərbaycan tarixini, coğrafiyasını mükəmməl bilməlidir. Ünsiyyətdə olduğu xarici dildə səlis danışmalıdır. Bundan əlavə, bələdçi həm də vətənpərvər olmalıdır.

Restoran və hotel üçün müştərini kimin gətirməsinin heç bir fərqi yoxdur. Peşəkar turizm şirkətinin və ya yoldan keçən kiminsə gətirməyindən asılı olmayaraq, onlar üçün əsas odur ki, müştəri gəlsin”.

Şirkət rəhbəri həmin bələdçilərlə restoran rəhbərləri arasında olan anlaşma haqqında da məlumat verib:

“Bələdçi ilə restoran arasında belə anlaşma olur: şəhərdə olan restoranlar 10%, dənizkənarı restoranlar, balıq verilən məkanlar isə 15% komissiya verirlər. İki cür işləmə prinsipi var. Birincisi, fiks menyu üzərindəndir. Məsələn, əvvəlcədən menyu danışılır və qiymət hesablanır. Məsələn, bir adam üçün 30 manat hesab nəzərdə tutulur.

İkinci variant isə seçimi tamamilə müştərinin ixtiyarına buraxır. Hesab gələndə də bələdçi buradan öz faizini götürür. Hesab 1 000 manat gələndə onun 10%-i bələdçiyə verilir. Təbii ki, restoran da bələdçinin pulunu menyudan çıxarmış olur. Nəticədə də ziyan turistlərə dəyir, onlar artıq pul ödəmiş olurlar.

Hotellər isə peşəkar turizm şirkətinə də otağı korporativ qiymətinə – 60 manatdan verir, yoldan keçən bələdçiyə də. Bu halda da turizm şirkətləri satış edə bilmirlər”.

Ə.Şiriyev öz təcrübəsi vaxtı rastlaşdığı hadisə ilə də bölüşüb:

“Bu gün bizim şirkət bir futbol klubunu 32 nəfər heyətlə Zaqatalada hotelə yerləşdirib. Sabah da Gəncədə olacaqlar.

Hotel mənə təqdim etdiyi qiyməti kluba da verir. Hotelin nümayəndəsi onlara deyib ki, siz nəyə görə turizm şirkəti ilə işləyirsiz, elə gəlin, birbaşa bizimlə işləyin. Bu da turizm sektoru üçün böyük problemdir. Turizm şirkətlərinin ayaqda durması üçün çətinlik yaranır”.

Deyilənləri adını açıqlamaq istəməyən bələdçi təsdiqlədi:

“Şəhərin mərkəzində bələdçiyə yaxşı faiz (20-30 %) verən bir neçə restoran var. Bundan əlavə, qonaqlara verilən yeməyi də bələdçiyə pulsuz verir. Restoranda hesab nə qədər olsa, bələdçi ilə restoran arasında danışılan komissiya ödənilir. Məsələn, 500 manat hesab gəlib. Restoran servis haqqı kimi 10 % üstünə gəlir. Yəni 500 manatın üstünə 50 manat da qoyur. Amma bələdçi öz 20 və ya 30 %-ni 500 manatdan alır”.

Müsahibimiz hotellərin də bu prinsiplə işlədiyini bildirib:

“Əgər bələdçi zəng etsə, hoteldən ona otağın qiymətini aşağı deyirlər.

Məsələn, 70 manatlıq otaqdırsa, 60-a ya da 50-yə deyirlər. Baxır, nə qədər otaq sifariş ediləcək. Bələdçi hotelə mütəmadi olaraq müştəri gətirir deyə, aşağı qiymətə deyilir. Müştəri özü getsə, və ya başqası olsa, hotel bələdçiyə dediyi qiyməti vermir. Hotel bələdçiyə gətirdiyi qonaqların gecəsinə görə 20 manat verir. Amma hotellərlə əvvəlcədən danışmaq lazımdır ki, boş otaqlar olsun”.

Share: