Yusif Ağayev: “Ad günüm yasa çevrildi, süfrələr açıq, qazanların qapağı bağlı qaldı…”

Yusif Ağayev: “Ad günüm yasa çevrildi, süfrələr açıq, qazanların qapağı bağlı qaldı…”

“Hələ ki ekrana qayıtmaq niyyətim yoxdur. Özümü radioda çox gözəl hiss edirəm”.

Bunu tanınmış DJ və teleaparıcı Yusif Ağayev doğum günündə Moderator.az-ın suallarını cavablandırarkən deyib. 

– Yusif bəy, öncə sizin doğum gününüzü ürəkdən təbrik edirəm. Doğum günü sizin üçün nə anlam kəsb edir?

– Bu gün mənim tək doğum günüm yox, həm də atamın dünyasını dəyişdiyi gündür. Onu itirdiyim gündən 61 il ötür. Mənim ad günümdə qazanların qapağı açılmayıb, masalarda süfrələr açıq qalıb, heç kəs əyləşə bilməyib. Ad günüm bir növ yasa çevrilib. Ona görə də bu gün ad günü kimi deyil, daha çox atamın dünyasını dəyişdiyi gün kimi yaddaşıma həkk olunub. O da yadımdadır ki, atamı itirdiyim gündən sonra qohum-qardaşlar bizə məni təbrik etmək üçün yox, atamın xatirəsini yad etmək üçün gəlirdilər. Atamın adı Hüseyn idi. Məzarı üstündə yada salınır ki, Hüseyn, bu gün sənin həm dünyanı dəyişdiyin gün, həm də övladın Yusifin ad günüdür. Hər il doğum günümdə sübh tezdən atamın məzarı üstünə gedib, onun ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad edirik. 

– Belə başa düşdüm ki, doğum gününüzü qeyd etmirsiniz?

– Ad günümü ya iki gün əvvəl, ya da iki gün sonra qeyd edirəm. Bunun mənim üçün önəmi yoxdur. Ən əsası, mən doğum günümdə ən əziz insanımı itirmişəm. Mənim üçün dünyada bundan böyük faciə ola bilməz. 64 yaşım tamam olur. Gəlin belə edək. 6 ilə 4-ü birləşdirək, olsun 10 yaş. Mənim bu gün 10 yaşım tamam olur. Qəlbimdə bir uşaq kimiyəm, hərdən küsürəm, hərdən inciyirəm (kövrəlir). Amma bunu heç kimə bəlli etmirəm. Hərdən qəlbim də qırılır. Qəlbimin qırılmasını da heç kimə bildirmirəm. Çalışıram ki, insanların içində onlara layiq, mehriban, gülərüz davranım. Problemlərimi heç kimlə bölüşmürəm.

Yaxınlarım, doğmalarım, bir də illərdir çalışdığım “106 FM” radiosu məni həyata bağlayır. Yalnız onların varlığı məni həyatda yaşadır, stimul verir. Doğmalarım, yaxınlarım hər il dekabrın 28-də mənim kiçik, birotaqlı mənzilimə sığışanda bu mənim ürəyimə qürur verir, heç nə düşünmürəm. Eybi yox, qoy mən kiçik bir mənzildə, hər zaman doğmalarımın sevgisi ilə yaşayım. Bu mənim üçün daha önəmlidir. Yaxınlarımın qayğısına qalmağı özümə borc bilmişəm, imkanım çatan qədər onlara əl tutmuşam. Deyir, sağ əlin verdiyini sol əl bilməz. Hər zaman onlara yardım etmişəm, onlar üçün yaşamışam. Sağ olsunlar ki, onlar da mənim bu əziyyətimi, qiymətimi unutmurlar. Mütləq deyil dekabrın 28-i olsun, başqa günlərdə də yaxınlarından, doğmalarından zənglər almaq daha xoş olur. 
 
– 28 dekabr daha hansı əlamətdar gün kimi qalmaqdadır?

– Bu gün həm də mənim şou-biznesdə ən yaxın dostlarımdan ikisinin ad günüdür. Biri burada, o biri isə öz haqq dünyasında qeyd edir. Bunlardan biri çox sevdiyim əməkdar artist Manana Caparidzedir. Onun Azərbaycanda fəaliyyətinə ilk gündən “106 FM” radiosunda dəstək olmuşam. Digəri isə bir neçə ay əvvəl dəfn etdiyimiz, şou-biznesin əsas simalarından olan Rəhim Rəhimlidir. Mananaya Allahdan cansağlığı arzulayıb, Rəhimə isə rəhmət diləyirəm.

– Tezliklə ekrana qayıtmaq fikriniz varmı?

– Xeyr! Hələ ki ekrana qayıtmaq niyyətim yoxdur. Özümü “106 FM” radiosunda çox gözəl hiss edirəm. Çünki ATV kanalı ilk olaraq “106 FM” radiosundan başlayıb. Orada ilk olaraq mənim səsim eşidilib. Bununla hər zaman fəxr etmişəm. Bu fikirlərim təkəbbürlü çıxa bilər, amma oxucular mənim nə demək istədiyimi dəqiq bilirlər. Hətta o vaxt bizim musiqi fonotekamızda mahnılar yetərli qədər deyildi, internetdən yükləmələr yox idi. Biz diskləri oradan-buradan alırdıq. Bu disklər xüsusi olaraq bizim üçün yazılıb, tanış-bilişlər vasitəsilə göndərilirdi. Disk axı işləndikcə onda qüsurlar – cızıqlar yaranır, bəzən olurdu ki, qəfildən dayanırdı. Bu anda aparıcı mikrofonu tez açıb müdaxilə etməli idi ki, efirdə boşluq yaranmasın. Bu gün “106 house”, “10-dan sonra” verilişinin şaxələrini başqa verilişlərdə, kanallarda görəndə sevinirəm. Çox sevinirəm ki, bir zamanlar Rəna xanımla çalışdığım verilişdəki zəhmətim, əziyyətim heçə getməyib. Yusif Ağayev adı öz sözünü zamanında deyib. İndi qoy başqaları desinlər və mən də Yusif olaraq kənardan baxıb, öz əməyimin heçə getməməyinə sevinim, bununla qürur duyum. 

– Yeri gəlmişkən, bu günlərdə ATV kanalının 22 yaşı tamam oldu. Səhv etmirəmsə, elə ilk illərdən orada çalışırsınız?

– Bəli. ATV yeni yaradılanda bir sıra problemlərimiz var idi, maşınlarımızın sayı da az idi. Elə olurdu ki, bir müxbir harasa çəkilişə gedəndə biz gözləyirdik ki, o gəlsin, sonra gedək. Bəzən də rəhbərlik bizə taksi ilə gedib-gələk deyə maddi yardım edirdi. Texnika çatışmırdı, mikrofonların sayı az idi. Bunların hamısını yaşamışıq (gülür). Sonradan hər şey düzəldi, öz yoluna düşdü. Bu 22 il ərzində çox şey dəyişdi. ATV bu gün öz peşəkarlığı, mükəmməlliyi, yayımı ilə Azərbaycan teleməkanında nömrə bir kanal olaraq öz sözünü deməkdədir və deyəcək də. Çünki ATV kanalı yalnız bir amalla çalışır. O da peşəkarlıqdır. Çox sevinirəm ki, ATV kanalının yaradıcılarından biriyəm və bununla qürur duyuram. Doğma kanalımı ürəkdən təbrik edirəm, ona uğurlar arzu edirəm. Yeni-yeni verilişlərlə tamaşaçıların gözünü oxşamağı səmimi qəlbdən, ürəkdən arzu edirəm. Bu dünyanın işini heç bilmək olmaz. Bəlkə, bir gün başqa bir layihədə yenidən Yusif Ağayev öz pərəstişkarlarını ATV kanalından salamladı.
 
– Tamaşaçılar deyirlər ki, Yusif Ağayev heç dəyişilmir. Bu nə ilə əlaqədardır?
 
– Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu, həqiqətən də, belədir. Hərə bir söz danışır. Biri deyir ki, əməliyyat etdirib, biri deyir ki, nə bilim, nə olub. Bunu söyləyən insanlar, yəqin ki, Yusif Ağayevin sağlam həyat tərzindən xəbərləri olmadığına görə bu qənaətə gəlirlər. Bu sözünüzə misal olaraq 1994-cü ildə İstanbulda çəkdirdiyim şəkli sizə təqdim edirəm. Demək olar ki, 1994-cü il ilə 2022-ci il arasında qətiyyən fərq yoxdur. Mən susuram, qoy foto danışsın (gülür). Yusif Ağayev kimi onlar da doğru-düzgün qidalansalar, idmanla məşğul olsalar, belə qalarlar. Hər kəs bilir ki, mən əlimdə su şüşəsi ilə gəzirəm. Qızardılmış yeməklərdən imtina edirəm, bol-bol meyvə, ağartı məhsulları qəbul edirəm. Hər axşam işdən qayıdandan sonra bir saat iti addımlarla yürüş edirəm. Yürüş edərkən küçədə soyuqda özünə isti yuva və bir az da yem axtaran pişikləri görürəm. Allahın bizə əmanət etdiyi o dilsiz-ağızsız pişikləri yemləyirəm. Avtomobilimdə pişik yeməkləri də gəzdirirəm. Görəndə ki kimsə pişiyi vurub keçib, yolun ortasından o pişiyi götürüb kənara qoyuram. Çalışıram ki, onların qayğısına qalım. Allah bu mərhəməti məndən əsirgəməyib. Həm də bilirik ki, onlarda altıncı hiss var. Pişiklər bizim onlara qarşı mərhəmətli, qayğılı davranmağımızı o dəqiqə hiss edirlər. Bu həm pişiklərə, həm də itlərə aiddir. Bu gün isə yaşamaq istəyirəm. Bundan sonra nə qədər ömrüm var, bilmirəm, amma yaşamaq, yenə də tamaşaçıma, dinləyicimə efirdən layiq olaraq xidmət etmək istəyirəm.

Share: