Zəlzələdən zərərçəkən ana dəhşətli gecədən danışdı

Zəlzələdən zərərçəkən ana dəhşətli gecədən danışdı

“Fevralın 2-də oğlum dünyaya gəlib, 6-da da zəlzələ oldu. Güclə canımızı qurtardıq”.

Bunu Türkiyədəki dağıdıcı zəlzələdə evsiz qalan, körpəsi və azyaşlı övladları ilə birgə müalicə üçün Azərbaycana gətirilən Gülnarə Qədimova deyib.

Qaziantepdən gələn soydaşımız orada üçmərtəbəli fərdi binada yaşadıqlarını bildirib:

“Məhəlləmizdəki binalar köhnə tikili olduğundan çatlar əmələ gəlib. Bizim bina dağılmasa da, ətrafda olan çoxmərtəbəli binaların çoxu çökdü. Zəlzələdən dərhal sonra hər kəs gecənin bir vaxtında ayaqyalın evdən çıxdı. Üç gün soyuqda, qarda, yağışda çöldə qaldıq. Yeni doğulan körpəmi küçədə günlərlə qucağımda adyalın arasında saxladım”.

G.Qədimova vurğulayıb ki, dörd ildir Qaziantepdə yaşayır və heç vaxt zəlzələ görməyib:

“Hamı ilk dəfə belə güclü zəlzələ baş verdiyini deyir. Dünən orada qalan qayınlarımla əlaqə saxladıq və bildirdilər ki, təkanlar davam edir. Orada hər şey qaydasına düşəndən sonra geri qayıdacağıq”.

Xatırladaq ki, G.Qədimova Azərbaycana üç övladı – Halit İlgar Özkapı (2,5 yaş), Minevver Güneş Özkapı (1 yaş 1 aylıq), Enver Can Özkapı (11 günlük), həyat yoldaşı Adem Özkapı və anası Günəş Qədimova ilə gəlib.

Qeyd edək ki, bu ilin fevral ayının 10-da Türkiyədən Azərbaycana gətirilən vətəndaşlardan 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə tibb müəssisəsinə yerləşdirilib. Gələn 10 uşaqdan 6-sı oğlan, 4-ü isə qızdır. Ən kiçiyi 8 günlük, ən böyüyü 14 yaşındadır. Xəstəxanaya daxil olan şəxslər dərhal onlar üçün ayrılan palatalara yerləşdiriliblər, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün artıq müayinələr bitmək üzrədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sığınacağa göndəriləcəklər.

 

Share: