Oxuyur Azərbaycanın əməkdar artisti FİRUZƏ İBADOVA…

Oxuyur Azərbaycanın əməkdar artisti FİRUZƏ İBADOVA…

Birdən elə bilərsiniz ki, düz danışmıram, vallah yox, bir kəlmə də olsun belə yalan söyləmirəm. Kimin ki, uşaqlıq illəri Leonid İliç Brejnevin SSRİ-yə rəhbərlik etdiyi dövrə düşüb, inanıram ki, bu söhbətimi inkar etməz.

Sən demə, o dövrün uşaqları dünyanın ən bəxtəvər uşaqları olublar. Bu gün altmış yaşa çatsalar da, hələ də həmin illərin şirinliyindən danışırlar. İndi bilmirəm, sovet hökuməti yaxşı olub, yoxsa uşaqlıq illəri gözəl olur?
Nə isə, bu gün sizə, biz sovet uşaqlarının sevimli müğənnisi, əməkdar artist Firuzə İbadovadan söhbət açmaq istəyirəm. Amma etiraz etməsəydiniz, əvvəlcə onun tərcümeyi halına işıq tutardım…
Firuzə Böyükağa qızı İbadova 1954-cü ildə Bakıda dünyaya gəlib. 173 saylı məktəbdə orta təhsilə yiyələnib. Sonra Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətində Əfsər Cavanşirovun uşaq xorunun solisti olub. 1972-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının “Lalə” qızlar ansamblında, 1976-cı ildən isə Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblında solistlik edib. 1979-cu ildə Rəşid Behbudovun mahnı teatrına dəvət olunub. 1980-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunu bitirib. Görkəmli sənətkar Şövkət Ələkbərovanın tələbəsi kimi də tanınır…
Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin xətti ilə Azərbaycanın müxtəlif şəhər və rayonlarında konsert proqramları ilə çıxış edib. Bundan əlavə, dünyanın 30-dan artıq dövlətində qastrol səfərlərində olub və Azərbaycan xalq mahnılarının, o cümlədən Azərbaycan bəstəkarlarının vokal əsərlərini səsləndirib. 2006-cı ildən respublikanın əməkdar artistidir…
“Düşünəndə ki, mən də bu günün “ulduzlarından” olsaydım, həyat tərzim bu gün onlarınkı kimi olardı, inanın, vicdanım sızlayır. Yaxşı ki, bu günün “ulduzlarından” deyiləm. Adıma ləkə yaxılmasını qəbul edə bilmərəm. Mənim alnım açıqdır. Mən də bu günün “ulduzlarından” olsaydım, heç bir çətinliyim olmazdı. Hamı bilir ki, mən ailəmi necə dolandırıram. Çox çətindir mənim üçün. Gəlir yerim ancaq toydan aldığım qonarardır.”- söyləyir…
Comərd insandır, adamlara qarşı çox həssas və diqqətlidir. Yumşaq təbiəti var. Nəzakətli, nəcib və xeyirxahdır. İnsanlara etibar etmək, dostlara inanmaq xüsusiyyəti bəzən onun yanılmasına səbəb olur və bundan əzab çəkir. Heç kimi təhdid etmir, çalışır ki, hamı haqqında yaxşı danışsın, xoş sözlər desin. Başqalarının problemləri onu, öz çətinliklərindən daha çox duyğulandırır. Və hər kəsi olduğu kimi qəbul etməyi bacarır…
Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə 20 Yanvar şəhidlərinin xatirəsinə yazılmış və hər il “qara yanvarda” səslənən “Şəhidlər ağısı” mahnısının ifaçısıdır. Həmin mahnı AZTV-nin qızıl fondunda saxlanılır. O, həm də Azərbaycan klassik bəstəkarlarının yaratdıqları əsərlərin də ifaçısıdır. Mütəmadi olaraq kütləvi dövlət tədbirlərinin iştirakçısıdır. 2016-cı ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının “Oyuq” studiyasının musiqi rəhbəridir…
Deyir ki,- “Deməzdim, sənət əlimdən nəyisə alıb. Sadəcə, cılız müğənniciklərə güzəştə gedib onlara şans verdiyimdən, indi çətinlik çəkirəm. Amma bu sənət mənə hörmət bəxş eləyib, sevənlərimin auditoriyasını yaradıb. Tamaşaçı rəğbəti qazandırıb. Biz sənət adamları diqqət mərkəzində olduğumuzdan çalışırıq ki, daxili əzablarımız pərdə arxasında qalsın, səhnəyə çıxarkən üzümüz gülsün. Axı tamaşaçı şux mahnılar dinləmək istəyir. Bəli, xalq üçün çalışan hər bir sənətkar tamşaçının arzusunu yerinə yetirməlidir. Yorğun olsa da, ağrısa da, bunu gizlətmək məcburiyyətindir. Necə deyərlər, sevincim tamaşaçıların, kədərim mənimkidir…”
Bəzən romantik duyğuları ona güc gəlir, özünə qapılıb hey düşünür. Digər tərəfdən özünü məhdudlaşdırmaqdan xoşlanmır. Çox çalışqan və yaradıcıdır. Tez anlama qabiliyyəti var, yaxşı dinləyicidir. Həmsöhbətini rahat hiss edir. Düzgün seçim səriştəsinə yiyələnib, necə deyərlər, dumanın o biri üzünü də görə bilir. Gözəlliyə qarşı həssasdır, rahatlığı, lüksü xoşlayır. Məcaraya, ekzotik yerlərə meyillidir. Bu xüsusiyyətləri onu sıxıntılardan xilas edir…
“Tanrıma şükürlər olsun! Hərdən düşünürəm ki, övladlarım çox olsaydı, nə edərdim. Necə böyüdərdim onları? Hansı çətinliklərlə üzləşərdim? Ömür-gün yoldaşın yoxdursa, deməli dayağın da yoxdur. Xanım müğənni diqqət mərkəzində olduğundan, ilk növbədə təmiz adını qorumalıdır. Hər zaman da bunları nəzərə almışam. İstər mənəvi, istər maddi, istərsə də psixoloji cəhətdən çox çətindir. Bu gün şou-biznesdə çox ləkəli insanlar, bu sənəti ifrat dərəcəyə gətirən qadınlar var. Belə qadınlara görə çox utanıram. Utanıram ki, ekrana çıxıb iç dünyalarını, şəxsi həyatlarını nümayiş etdirirlər. Başa düşmürlər ki, xalq bizi qınayır. Bizim sənətimiz çox müqəddəsdir. Səhnə elə-belə şey deyil. Efir vasitəsi ilə, tamaşaçıdan icazəsiz, evlərinə girəndə, gərək ağsaqqalı, ağbirçəyi, uşaqları düşünəsən. Bizi zirvəyə yüksəldən xalqdır. Adətən bizi alqışlayan tamaşaçıların qarşısında minnətdarlıq əlaməti olaraq baş əyib səhnəni tərk edirik. Tamaşaçıya baş əymək lazımdır, təhqir etmək olmaz. Səhnəyə moda göstərmək üçün deyil, sənət nümayiş etdirmək üçün çıxarlar.”- söyləyir…
Bəli, uşaqlıq illərim Brejnevin sovet hökumətinə rəhbərlik etdiyi illərə düşüb. O dövrün uşaqları üçün, yaşamağın alayı ləzzəti var idi. Elə ki, “sehirli qutuda” Rübabə Muradovanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Nəzakət Məmmədovanın konsertləri başlayırdı, hamımız evə tələsirdik, dinləyib zövq alırdıq. Və ifasından zövq aldığımız müğənnilərdən biri də, Azərbaycan Respublikasının əməkdar artisti Firuzə İbadova olub…
Fevralın 18-i Firuzə xanımın 70 yaşı tamam olur. Buna baxmayaraq, hələ də səsinin məlahətini, çöhrəsinin təravətini itirməyib.
Bu gün mənə, eləcə də həmyaşıdlarıma yuxu kimi gələn uşaqlıq dövrümüzdə, gözəlliyi və ifası ilə zövqümüzə sığal çəkən, bu xanımı yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Elman Eldaroğlu

 

Share: