Öz geyimini özünə ad seçən qədim Oğuz uruğları: Qəmərlidə AĞ BAŞ kəndi

   Öz geyimini özünə ad seçən qədim Oğuz uruğları: Qəmərlidə AĞ BAŞ kəndi

Bu gün yenə söhbətimizlə Oğuz yurdu Qərbi Azərbaycana üz tuturuq.

Qədim Türk tayfaları və uruğlarına xas olan diqqətəlayiq xüsusiyyətlərdən biri də onların geyim-gecimlərinin öz adlarına çevrilməsi, yəni paltarın Türklər üçün fərqləndirici əlamətlərdən biri olmasıdır. Odur ki, müxtəlif nəsil, soy, tayfa həmin bu geyimin bəzi səciyyəvi əlamətlərinə görə adlandırılmışdır.

Yuxarı Ağbaş (Ermənistan)

Yurdumuzun yer adları işərisində belə adlar xüsusi qat təşkil edir. Müqayisə edək: Ağ Köynək, Sarı Baş, Şişpapaqlı, Qara Donlu, Qara Dolaq, Yekəqurşaqlı, Alabaşlı, Göy Çuxa və s. Ağ Baş adına gəldikdə deməliyik ki, qədim Türk yazılı abidələrinin dilində, Ak Baş şəxsiyyət adı kimi də rast gəlinir. Böyük Türk ellərinin coğrafiyası üzrə müşahidələrimizə əsasən deyə bilərik ki, Kırımda dəyişdirilərək itirilmiş Türk yer adlarından biri də Çernomorsk inzibati bölgəsinə bağlı Ak Baş (1948-dən adı Vyaçeslavovka) adıdır. Ak Baş – Kabarda Balkarda, Qırğızıstanda kənd adı, Tatarıstan; Yatazun və Buqulma bölgəsində,  Perm, Bardadım ray.; Sverdlov vil. Nijnesergin ray.; Çelyabrnsk vilayətində də (Rusiya) kənd adlarıdır. Orenburq vilayətində Dımka çayının qolu Akbaş çayı, akbaş bitki və s. adlarıdır.  Bundan əlavə Ak Baş (Türkiyədə Van bölgəsi) və Neyva çayının (Yekaterinburq vilayəti) sol qolu Ak Baş (ka) çayı adlanır. Tovuz və Dəvəçi rayonlarında (Azərb.) kənd; Şəmkir rayonunda da 1936-cı ilədək Ağ Başlı kəndi olub. Zəngilan bölgəsi. Ağbaş yurd dağı; Cənubi Azərbaycanda kənd və keçid adı…

Qəmərli torpaqlarında qala

Ağ Baş adında tarixi Qərbi Azərbaycan torpaqları sayılan, müasir Ermənistan ərazisində bir neçə kənd olmuşdur: Yuxarı Ağ Baş Qəmərli rayonunda (İndi Artaşat bölgəsi.) kənd; kəndin digər adı Xaraba Ağ Baş  idi. Digər Ağ Baş kəndi (qışlağı) (indi: Tumanyan bölgəsi.) yerləşirdi. Aşağı Ağbaş kəndi də Qəmərli (Artaşat) rayonunda kənd adı olmuşdur. Kəndin indiki adı 1945-ci ildən Arevşatdır(1, 30, 355).    Müasir Moldovanın paytaxtı Kişinev şəhərinin adı 1436-cı ilədək mənbələrdə Ak Baş Keşenev kimi qeyd olunmuşdur. “Ağ Baş” adının məna dairəsi genişdir; Radlovun lüğətində “Ağ Baş” həm də “qırxq, təmiz (pak) baş, tatarların (müsəlmanların təmiz qırxılmış başlarına işarədir” deyə adın etnoqrafik təbiətinin daha bir maraqlı cəhəti açılır. Nəhayətdə, Ağbaşlar etnonimi Oğuzların tayfa adlarındandır. Ruslardakı Türk mənşəli soyadları içində Ak Baş, Ak Başev familiyaları da vardır…Əlbəttə, belə xarakterik və dolğun nümunələri qorumaq lazım idi; qədim ad xalqın yaddaşı, onun tarixinin, mədəniyyətinin vacib elementlərindən biridir. Xalqın yaşayış məntəqəsinin – yurdunun adına müdaxilə olunması onun tarixinə olan təcavüz kimi mənalandırır.

Prof. Minaxanım Nuriyeva Təkləli

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

 

 

Share: