2 ci yazı…
I hissə
Nə boyda arzusu gedər köç olar…
Bir yığın istəyi solar heç olar…
Ona nə yazsanız sonra gec olar…
Ona nə yazırsız… yazın indidən
Fərqanə Mehdiyeva.
Söz itkisi necə ağır olurmuş…
Yazıb paylaşarkən silinən ilk yazı ömür boyu göynədəcək məni…. Olsun…
Yaza-yaza düşünürdüm ki, Fərqane ölər bu yazını oxuyanda….
Hər sətri kirpiyimdən nəm çəkən… 30 illik dostluğumuzun həsrətindən qəm çəkən, yanan arzularımızın, dağ boyda külündən duman çəkən, çən çəkən ağrı idi o yazı…
Tanrım, mənə SÖZ göndər!
Təzədən ağlamağa, təzədən göynəməyə… bir ağlayan göz göndər!
İçimdə ovutduğum, gözümdə kiritdiyim , itən,ölən sözümə içimdə yas qurduğum bir azca dözüm göndər!!!!
Tanrı bizi hələ tanımadan öncə tanış etmişdi…Onda ki, hələ Fərqanə yoxdu…Bir Aləmzər vardı…
Uşaqlığı yalan olan olan…Gəncliyi talan olan…
Hər gecə sözə sığınan ,hər gecə Sözlə ovunan…Amma sabahı olmazdı o yazıların…Bitən kimi qismətinə yanmaq düşərdi…
Amma ömrümün bir acılı günündə bir kövrək qız “Aşıq Pəri” məclisində əyni nazik bir şeir oxuyurdu…Amma bir az isitdi məni iki misra…
Saçlarını bürüyüncə gözəl dən…
Hərdən sına qələmini arabir!
Həmişə bir az qorxmuşdum, bir az utanmışdım uşaqlıqdan dinclik tapdığım kitabların Tanrı kimi müqəddəs bildiklərim yazarlarının söz dünyasına girməyə…
İlk dəfəydi içimdə bir haqq tapdım…Nahaq dünyamın ədalətsiz dərdlərini yazmağa…
Hardasa bir toy çalınırdı…Mənimsə arzularım…
Bir mənsur şeir yazdım…”Bu gün toyundur sənin”
Fərqanənin şeirindən yola çıxaraq elə o gün “Azərbaycan qadını” jurnalına göndərdim.
İlk aldığım qonarara bir şam almışdım…
O vaxtdan başlandı bu şam ömrüm…
Yandırdım əlimlə bu şam ömrümü…
Səhər könlün aldım axşam ömrümün!
Bir də gördüm az qala bütün şairləri əzbər bilən bu qızı götürüb gəlmişəm Bakı Mədəni-Maarif məktəbinin kitabxanaçılıq şöbəsinə…
Hər gün müəllimlərimin təəccübü ilə qarşılaşırdım…
o vaxt hər tərəf işıqla doldu ki, ömrümə Fərqanə adlı o qız gəldi….
Bizi məktəbdən pampığa aparırdılar. Mənim uğurlarımda böyük yeri olan “Azərbaycan Qadını” jurnalının redaktor müavini Svetlana Nəcəfova çox istədi ki, mən pambığa getməyim…Özüm istədim və mənimçün ən gözəl günlər idi o günlər… Uşaqkən məni 35 yaşında tərk edən xalamla çox yığmışdım pambıq…
Uşaqlar güclə 10 kq pambıq yığanda mən 100 kq yığırdım…Xalamda mənimlə yeriyirdi cərgələrin arasında…
Çünki, bir Novruz bayramı itirdiyim atamın sevgisini onda tapmışdım…
O günlər bitəndə bizi Moskvaya göndərdilər… Uşaqlıqdan bir qatar vardı yuxularımda… bəlkə o qatarmış elə…
Birdə gördük iki qız gəlib yanımıza…
Sözlü-söhbətli…
Arzu bir şeir oxudu…
Qara qış üstümə tökər qarını,
Nərgiz gözlərini məndən ayırsan.
Mənim ümidimin qapılarını…
Neyçün gah açırsan, gah qapayırsan?
Dedi ki, biznən oxuyan bir oğlan var həmişə ondan soruşurduq nərgiz göz necə olur? İndi o bizə dedi gedin o qızın gözünə baxın…nərgiz gözü görün…
Mən də onlardan öyrəndim…dünyaya ancaq ağlamaq üçün gələn gözlərimin nərgizə bənzədiyini…
Sonra Fərqanə şeir oxudu…
Saçlarını bürüyüncə gözəl dən...
Yerimdən dik atıldım…O mənim öz yazılarımın qənimi olan qatili olan dünyamı güldürən qız!!!
Sonra Həcər dedi ki, Aləmzərdə bizim yazanımız…Fərqanə də biləndə mən kiməm bir göz qırpımında gedim xatirə dəftərini gətirdi… Köçürmüşdü ora “Bu gün toyundur sənin”i…Sən demə hər yerdə oxuyurmuş…
Dedi ki, bir dəfə zavodda işləyəndə oxuyub bu şeiri…bir qız varmış…başına daş vursan ağlamayan…Ağlamış ama…
O gündən…
İkisi də vardı…
Bitdi bir gün tələbəlik həyatı…
Gənclik ömrümümüzdən kəsər nə vaxtsa…
Gənclik metrosuna gedən yolları…
F.M.
Bakı o vaxt məni necə darıxdırdısa sevinirdim Naxçıvana,anama döndüyüm günlərə…Bir gün isə necə sevinclə getmişdim eləcə kədərlə anamı və iki balamı alıb ürəyimə Bakıya döndüm…
Hələ bura qayıdacağam…
Fərqanəli günlər bitsədə…bir birimizə az qala hər gün məktub yazırdıq…
Yazdı ki, onu şeirlərindən axtarıb tapan İlqarala qoşulub qaçmaq istəyir….
II hissə
Aman günüdü!!!-yazdım…deyərlər şair qoşulub qaçıb….
Bir gün məktubları Gədəbəydən gəldi…
Yazdı ki, şair o yana deyirlər deputata qaçıb…
Bilmirdi hələ günlərin birində yazacaq…
Məni sətirlərdə tapan əzizim…
Nə oldu sonuncu oxucum oldun!
Bakıda ilk tapdığım Fərqanə oldu.
Zəng edirəm…Səsimizi eşitməyəli illər olub…
Tanıyır səsimi… Amma qızını çağırır…”Ülkər gəl məni çimdiklə” deyir…
Telefonun o başında o ,bu başında mən hönkürürəm…
Sonra başlandı bizim “Pərvanə”li günlərimiz … Qəşəm Nəcəfzadənin rəhbərlik etdiyi bu məclisdə biz günləri iplə çəkirdik…
Bizə də maraqladı…Niyə doğma bacı qardaşlarımızdan çox söz bacı qardaşlarımızı istəyirdik…
Atamız-anamızdı SÖZ!
Sözə necə qalanır necə yanırdıqsa hələ də tüstümüz başımızdan çıxır…
Yazın biri yoxdu, biri varıydı…
Yolunda boranı qarı varıydı…
Deyin cərgəmizdə yeri varıydı…
Tutun qəlbinizdə yasın indidən!
Bir də gördük söndü ocağımız…
Biri getdi Yerin altına üstündən şikayətə…
Biri xaricə üz tutdu..biri də özünü dərnək səviyyəsindən üstün tutdu….
Amma ən uca bizdik… ən səviyyəli dostluqlar bizimdi…
Yenə də birlikdəyik…
Bir gün xəstələndi Fərqanə… Hamımız karıxdıq bu zamansız QORXUDAN …
Aman günüdü!!!-
III hissə
O olmayan iş yerinə gedə bilmirdim…
Qapısından keçəndə boş stolu ürəyimi dibinəcən yandırıb tökürdü…
Bir dəfə Qəşəm üzümə baxıb…”üzündə həmişə bir dost kədəri var” dedi…
Qəşəmin dəqiq proqnozları var…
Bir dəfədə bir toyda pıçıldamışdı mənə…
” bilmirəm niyə…ancaq sənə baxanda sadəcə ANA görürəm”-demişdi…
Heç kim o toyda niyə elə kövrəldiyimi bilmədi…
Fərqanə hər dəfə “hayana gedib anam ” şeirini oxuyanda ilk dəfə eşidirəmmiş kimi içdən içə sovruluram….
Bir gün iki balasını qoyub gedən xalam düşür yadıma…bir də dörd balasından nigaran gözləri açıq gedən gəlinimiz…
Mən analığı öz uşaqlarımdan çox qardaşımın mənə sığınan balalarından öyrəndim…
Fərqanə xəstə olanda özümü bilmirdim hara aparım…Pirlərə,ziyarətlərə…
Yalvarışlarım bir sözlə bitirdi…”Tanrım sən mən içimdəki söz pirini aparma!”
Allah onu bizə, balalarına qaytardı…
Nə boyda arzusu gedər köç olar…
Bir yığın istəyi solar heç olar…
Ona nə yazsanız sonra gec olar…
Ona nə yazsanız … yazın indidən.
Şeirimizdəki bu ölüm kabusu nədir belə?
Guya diriyikmi bu yaşamadığımız ömürdə?
Bu ölə-ölə yaşadığımız, yaşaya-yaşaya öldüyümüz həyatı itirməkdən niyə qorxuruq ki, belə?????!!!!
Bəlkə qoyub getməyi bacarmadıqlarımız üçün?
Bəlkə başından bəri Tanrının bizə yazdıqlarına yol gəlirdik elə?
Bəlkə bu nakam dediyimiz ömür Tanrının bizə göndərdiyi əbədi yuxuydu????
İndidən yazdığım bu yazını səndən əmin özümdən nigaran olduğum üçün yazdım…
Mən sənsiz sudan çıxmış balıq kimiydim…
Sən mənimçün aldığım hava, içdiyim su kimiydin…
Sənin varlığınıda tapırdım həyata tutunmağı...
İşdi bir gün mənim yoxluğumda itirsən özünü…çox yox.bircə söz yazarsan şəklimin altından…
Hər kəsi olan…bircə özü olmayan bu dünyada çox darıxırdı….
30.3.2016.