Bu gün “Facebook” internet platformasında minlərlə həkimə rast gəlmək olur. Böyürəkdən tutmuş kor bağırsağa qədər hər cür cərrahi əməliyyatların video görüntülərini çəkib, reklam edirlər. Hər dəfə onlara baxanda yadıma köhnə bir deyim düşür: “Gəl, ay müştəri!.. “
Amma mənim qəhrəmanım heç zaman özünü reklam etməyə can atmayıb, heç vaxt “hamıdan gözəl mənəm, mən” iddiası ilə inad göstərməyib. Necə deyərlər, başını aşağı salaraq öz peşə öhdəliklərini ləyaqətlə icra edib. Neçə-neçə insana şəfa verib, ölümün pəncəsindən qurtarıb…
Söhbət Azərbaycan Tibb Universitetinin cərrahiyə şöbəsinin professoru, tibb elmləri doktoru, cərrah Şakir İbrahimlidən gedir. O Şakir İbrahimlidən ki, qəlbi insan sevgisi ilə doludur. Onu deyib, yanına kimsə gəldisə, uşaq kimi qabağına düşüb, həmin adama ümumi müayinə mərhələsindən tutmuş, cərrahi əməliyyata qədər qardaş nəvazişi, doğma münasibət göstərir. Olduqca sadə və mehriban insandır, içindəki “MƏN”ə çoxdan qalib gəlib. Nə davranışında, nə də ki, hərəkətlərində təkəbbürdən əsər-əlamət yoxdur. Amma məğrurdur, necə deyərlər, heç kimin qarşısında baş əyməz…
Atası Feyruz kişi yaşadığı ucqar dağ kəndində sayılıb-seçilən insanlardan olub. Halal süfrəsində doqquz övlad böyüdüb- beş oğul, dörd qız. Oğullarından üçü elmlər doktoru, professordur…
1978-ci ildən 1994-cü ilədək Rusiyada, Ukraynada cərrah işləyib. 1995-ci ildən Vətənə dönüb, o vaxtdan həm tibb universitetində və həm də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının cərrahiyə şöbəsində çalışır…
Həkimlik nüfuzlu peşədir. Şəninə bir sıra şeirlər, yazılar qələmə alınıb. Bu peşənin sahiblərinə həmişə ümid yeri, şəfa mələyi kimi baxıblar. Həkim məclisə daxil olanda hörmətlə qarşılanıb, ehtiram görüb. Bəli, hər dəfə Şakir həkimi məclislərdə görəndə ətrafına xeyli adamın yığışdığının şahidi olmuşam, hamı onunla söhbətdən zövq alır…
Çox diqqətli adamdır. Gözündən heç nə yayınmaz. Hadisələri düzgün təhlil etmək qabiliyyəti var. Hamını olduğu kimi qəbul etməyi bacarır. İnsanlara mənfi yox, müsbət cəhətlərinə görə dəyər verir…
Deyir ki,- “Məndən ötrü bu dünyada bir meyar var- İnsanlıq! Və mən bütün ömrüm boyu bu amala xidmət etmişəm…”
Ömür-gün yoldaşı Təranə xanım evdar qadındır. Üç övladın atası, üç nəvənin babasıdır…
Təpədən dırnağa türk oğlu türkdür. Türkün tarixini gözəl bilir. Və ən əsası öz peşəsinin mükəmməl USTAsıdır. Sanki anadan cərrah olmaq üçün doğulub. Azərbaycanda cərrahiyənin zirvəsi sayılan bir sıra həkimlər olub, bu gün də var. Tibb elmləri doktoru, professor Şakir İbrahimli bu zirvələrdən biridir…
Elman Eldaroğlu