Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıya qastrol səfərinə gəlib

Özbəkistan Dövlət Akademik Böyük Teatrı Bakıda qastrol səfərindədir.

Kulis.az xəbər verir ki, səfər çərçivəsində özbəkistanlı sənət ustaları bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaçılara özbək bəstəkarı Ənvər Erqaşevin “Humo” baletini, noyabrın 17-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasını nümayiş etdirəcəklər.

Xatırladaq ki, “Humo” baletinin premyerası 2005-ci ildə Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrının səhnəsində gerçəkləşib. 2007-ci ildə tamaşaya yazdığı musiqiyə görə müəllif 1-ci dərəcəli Dövlət mükafatı laureatı adına layiq görülüb.

Qastrol səfərində Özbəkistanın Böyük Teatrının aparıcı solistləri, Xalq artistləri, vokalçıların və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları iştirak edəcəklər. Qastrol qrupuna simfonik orkestr, solistlər, xor artistləri və balet truppası daxildir.

Share: