“Özbəkistanda heç kim və heç vaxt hicab geyinilməsinə qarşı çıxmayacaq…”-VİDEO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə bundan sonra hicab qadağasının tətbiq olunmayacağını bildirib.
Moderator.az xəbər verir ki, bu haqda yerli media  məlumat yayıb. Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş boks üzrə dünya kubokunda yüksək nəticə göstərən idmançı və məşqçilərə mükafatların təqdim edilməsi mərasimində özbək dövlət başçısı qadın örtüklərinin geyinilməsi məsələsində qəti mövqeyini dilə gətirib. Prezident boksçu Mirazizbek Mirzaxalilovun hicablı anasını tərifləyərək özbək qadınlarına  hicab və milli geyimlərin çox yaraşıq verdiyini vurğulayıb.
“Özbəkistanda heç kim  və heç vaxt hicab geyinilməsinə qarşı olmayacaq. Biz həmişə nənələrimizin və analarımızın geyimlərinə fəxrlə baxırıq. Analarımız xoşbəxtdirsə, mən də xoşbəxt bir prezident olacağam” -deyə ölkə başçısı bildirib.
Özbəkistan liderinin açıqlaması Fərqanə vilayət administrasiyasının rəhbəri, senator Şuxrat Qəniyevin “müsəlman hicabı və “yöndəmsiz” saqqallarla mübarizə” barədə verdiyi sərəncamın səbəb olduğu ictimai etirazların gücləndiyi zaman səslənib. Xatırladılır ki, daha sonra Qəniyev müsəlman atributlarına qarşı əməllərinə görə üzr istəyib. Eyni zamanda, ölkə senatı ona sərt xəbərdarlıq edərək ciddi töhmət verib.
Sultan Laçın

Share: