Özbəkistanda Mərkəzi Asiya səhraları üzrə Regional Təşəbbüs Katibliyi yaradılacaq

Özbəkistanda Mərkəzi Asiya səhraları üzrə Regional Təşəbbüs Katibliyi (CADİ) yaradılacaq.
Bu barədə razılıq CADİ-nin Daşkənddə keçirilən Regional Seminarında əldə edilib.
CADİ layihəsi 2016-cı ildən həyata keçirilir və Almaniya Hökuməti tərəfindən maliyyələşdirilir. Bu layihə mülayim qurşaqdakı səhraların mühafizəsini və onlardan istifadəni əsas tutaraq, bu səhralardakı nadir ekosistemi, quşların miqrasiyası üçün mühüm olan əraziləri, həmçinin sayqakları qorumağa xidmət edir.
Seminarda bildirilib ki, planetin mülayim iqlimdə yerləşən səhralarının 95 faizi Mərkəzi Asiya regionundadır. CADİ mülayim səhraların UNESKO-nun Ümumdünya təbiət irsi siyahısına salınması üçün nominasiya hazırlayır. CADİ Regional Katibliyi səhralardakı rəngarəngliyi qorumaq, onların məhvinin qarşısını almaq, bu torpaqlarda yaşayan insanların həyat şəraitini yaxşılaşdırmaq və onları işə təmin etməklə məşğul olacaq.
Regiondakı ölkələrin hər birində Milli Katiblik açılacaq və bu quruma növbə ilə Mərkəzi Asiya dövlətlərinin nümayəndələri rəhbərlik edəcək. (AZƏRTAC)
Share: