Özüm gözümnən düşəcəm. Ah.. nə gözəl.

İradə AYTEL

Bax, indi bayaqdan
bəri arxamca sürünən
bu bahalı maşına əyləşəcəm!
Qapının boyuna əyılən kimi
Qamətim gözümnən düşəcək!
Sonra bahalı maşının
varlı sahibi ilə tanış olacam.
O qədər yalanlar uyduracam ki,
(anam xəstədi, ərim məni atıb….)
Həqəqətim gözümnən düşəcək.
Sonra varacağıq bahalı bir otelə
Ayaqlarımı üst-üstə aşıracam,
Varlı “dostuma” qoşulub,
Dolu şərab butulkalarını boşaltdıqca
Deyəcəm,
Güləcəm,
Sevinəcəm!
Lap həddimi aşacam.
Onun kobud əlləri əvvəl saçlarıma toxunacaq,
Darağa belə qısqandığım tellərim,
Gözümnən düşəcək.
İylənən, qoxuyan nəfəsi
Yanaqlarıma,
Boğazıma dəydikcə
üzüm-gözüm,
varlı kişinin varsız bədəninə dəyən əllərim,
sevgi üçün çat-çat olan dodaqlarım…
gözümdən düşəcək.
Sonra…
Başını gözlərə dik tutan sinəm,
Sevgi ləzzəti damağından getməyən vücudum
Gözümnən düşəcək.
Sonra…
Ayaqlarım
Bahalı maşının
Varlı sahibinin
sol çiyninı bir az da əyəcək,
Qışqıracam,
İnləyəcəm,
Hayqıracam,
Dinləyəcəm…
Sonra…
Bahalı maşının
Varlı sahibinin bahalı siqaretini yandırıb
Eynən onun kimi çəkəcəm.
Ciyərlərim (elə özüm kimi)
İlk gördüyünü ağuşuna alacaq.
Ayılacam və…
Özüm gözümnən düşəcəm.
Ah.. nə gözəl.
Uraaaaaaaaaaaaaaaa!!!
Ölüm gözümnən düşəcək!

2012

Share: