Göytəkin Atalı
O, hər kəsin xoşbəxtlik hesab etdiyi çox şeyə sahib idi. Ancaq hər dəfə “mən xoşbəxtəmmi?” sualını özündən soruşanda, qəlbinin lap dərinliklərindən gələn bir səs ona “yox” cavabı verirdi. O səs başqa bir dünya idi, usanmadan onu səsləyirdi. Bir əlçatmazlıq vardı o səsdə, can atdıqca uzaqlaşırdı.
Hara, niyə səsləndiyini anlamasa da, bu səsin onu yaşamın gözəlliyinə bağlayan bir qüvvə olduğunu duyurdu. Bəzən o səsi dinləməməyə çalışır, qəlbində sahib olduqlarından bir məbəd qurmaq istəyirdi. Ancaq yenə o sual varlığını alıb uzaqlara aparan bir dalğa kimi duyğularına hücum çəkirdi: – O xoşbəxtdirmi?!
Bir gün möcüzə baş verdi, onun içinə həqiqət qığılcımı düşüb alovlanmağa başladı. Onun gizli dünyası bu alovun işığı ilə aydınlığa çıxırdı. İndiyədək qurduğu, qurmağa çalışdığı nə vardısa, Həqiqət odunun – O böyük gücün hökmü ilə uçulub dağılırdı. İçinə İşıqlı Amal dünyasının tələbləri, qanunları hakim olur, yönü, gözünün baxarı dəyişilirdi. İndi onun qəlbində yeni bir Məbəd ucalmağa başlayıb. Bu Məbədin hər pilləsi heyrətdən, sevgidən, xoşbətlikdən qurulur. Onun Amal adlı dünyası onu Xoşbəxtliyə, Azadlığa aparan Yola çevrilmiş, artıq Ömrün xoşbəxt Yolçuluq aşaması başlamışdı…
Atamız Var olsun!
20 Ata Ayı, 43-cü il. Göyçay.
(sentyabr, 2021).