GƏLLƏM DALINCA
Gülüm, həsrətinə tab gətirməsəm,
Dözümü götürüb gəlləm dalınca.
Şeirimlə qaytara bilməsəm səni,
Sözümü götürüb gəlləm dalınca.
Axtarıb nə tapsam küncdən, bucaqdan,
Əlin nəyə dəyib qabdan, qacaqdan.
Sənin kor qoyduğun köhnə ocaqdan,
Közümü götürüb gəlləm dalınca.
Hər gözəl görəndə dolmasın deyə,
Bədnəzər nurunu almasın deyə,
Dikilib yollara qalmasın deyə,
Gözümü götürüb gəlləm dalınca.
Sevgimin rəngləri solsa da mənim,
Əzrayıl vədəmi alsa da mənim,
Milyonum əğyarda qalsa da mənim,
Yüzümü götürüb gəlləm dalınca.
İdrisəm, el-oba atsa da məni,
Ömür atın çapıb, ötsə də məni,
Dərdim əjdahatək udsa da məni,
Özümü götürüb gəlləm dalınca,
21.11.2021
BAYRAMIN HANSI AYDADIR
Dağılıbdır fikrim yenə,
Gah Günəşdə, gah Aydadır.
Sual verim, Vətən, sənə,
Bayramın hansı aydadır?
Yanvar, fevral matəm ayı,
31 mart ”novruz payı”
Apreldə ”sovet” harayı,
Bəlkə, yenə ”1 may”dadır.
Adəmdən də qədim yaşın,
Zəhərə dönübdü aşın,
Nə bəladır çəkir başın?
Dərd səni oyhaoydadır.
Gözü yolda qalan Vətən,
Paramparça olan Vətən,
Mənəm bəxtsiz balan, Vətən,
Sevənlər barmaq saydadır.
Sağalarmı heç dərmansız?
Dərdə bax gör nə boydadır.
Başı Dərbənd qapısında,
Ayaqları o taydadır.
11.03.2021
İÇİM YIXILDI
Haqqımı tapdayıb ”haqlı” oldular,
Çölümü titrətdi içim, yıxıldı.
Hesabı o qədər ”güclü” bildilər,
Olmayan heçimdən üçüm çıxıldı.
Nazir dığalara oldu daydayı,
Qazım kilsələrə getdi havayı.
Qış günü üşüdü azan harayı,
Evimdə odunsuz peçim yıxıldı.
“Üçə” möhtac olan getdi ”beş” aldı,
Şaqqulu bazardan yeddi quş aldı,
Hər həftə səkkiz ev kənddə boşaldı,
Kəndbəkənd azalan küçəm yıxıldı.
07.12.21
ƏTƏYİNƏ ÇATMADI
Köynəkdə qaldı sazım, elə hey kaman çaldım,
Dərdlərimi bükməyə dözümdən yorğan saldım.
Həsrəti öldürməyə gözündən nişan aldım,
Dirədim barmağımı tətiyinə, atmadı,
Əl uzatdım , Allahım, ətəyinə çatmadı.
Bəxtimin qarasından gecələrə pay verdim,
Darda qalan görəndə harayına hay verdim,
Yetimə əl uzatdım, çörək verdim, çay verdim,
Özüm nalə çəkəndə daşqəlblərə batmadı,
Əl uzatdım, Allahım, ətəyinə çatmadı.
Pulu olmayanların qazın, suyun kəsdilər,
Kasıbların üstünə qara yeltək əsdilər,
Haqqı öz beşiyində boğmağa tələsdilər,
İdris millət dərdindən şirin yuxu yatmadı,
Əl uzatdım, Allahım, ətəyinə çatmadı.
12.12.21
İdris Babayev (Yardımlı)