ÖZÜNƏ DOĞMA OLMAYAN AQŞİN YENİSEY,

ÖZÜNƏ DOĞMA OLMAYAN AQŞİN YENİSEY,

yaxud oxucu yekəxanalığına nifrət edən şair

Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmiş, yaradıcı gənc kimi Azad Yazarlar Ocağının üzvü olmuşdur.

Aqşin Yeniseyin “Unutmaq sözünün şəkli” adlı ilk kitabı 2000-ci ildə çap edilmişdir. 2005-ci ildə “Sizin eradan əvvəl” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür. Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilmiş, Azərbaycandan kənarda da oxucu auditoriyası qazanmışdır.
O həmçinin “Cənnətdə terror aksiyası” (2009), “Yüz qırx yeddi dənə sən” (2012), “Məbədin sükutu” (2013) kitablarının və yüzdən artıq məqalənin müəllifidir.
Aqşinin “Göləqarğısancan” adlı romanı, “Cənnətdə terror aksiyası” adlı hekayəsi və digər əsərləri ədəbi mühit üçün maraqlı görünən nümunələrdir. Şairin qələminin məhsulu olan “Xəstə şərqin Rafiq Tağıya dedikləri” adlı şeir isə çağdaş hadisələri, şair və xalq taleyi kimi problemi poetik şəkildə təsvir edir. Aqşin Yenisey nəsr əsərləri ilə yanaşı, satirik, publisistik yazılar və müasir ədəbiyyatımızın istedadlı simalarına həsr olunmuş məqalələr də qələmə almışdır. 2019-cu ildə “Tarix və Tale” adlı kitabı nəşr olunmuş, bu kitabda aktual mövzulara həsr olunmuş yazıları yer almışdır.
Aqşinin mülahizələri də şeirləri kimi “istiotqatdır”, yəni hamı tərəfindən həzm oluna bilmir. Şair oxucusuna üz tutub deyir ki, sərhəd adlandırdığım YARADICILIĞın bu tayında sənin oxucu yekəxanalığına nifrət edirəm, istəyirəm ki, sən də o tayda mənim yazar yekəxanalığıma nifrət edəsən: “Mən aramızda qarşılıqlı sevginin yox, qarşılıqlı nifrətin tərəfdarıyam. Açığı, bu qarşılıqlı sözündən iyrənirəm”. Aqşinə görə, poeziya ruhun yaddaşıdır, daha doğrusu, ruhun əvvəlki həyatdan özü ilə gətirdiyi xatirələrin cəmidir. Aqşinin poeziya haqqında iddialı mülahizəsi isə olduqca sərtdir: “Poeziya insani hal deyil, insanda üzə çıxan heyvani haldır. Dünyanın ən böyük şairi öz heyvani başlanğıcına ən yaxın olan şairdir. Şair insaniləşdikcə poeziyaya qarşı müxalifətə keçir”.
Oxşar ovqatlar Aqşinin şeirlərində də özünü göstərir. “Uşağını qurban kəsən ata” şeirində Ata güzgü qabağında dayanan oğluna deyir:
öz əksinə baxmaqla ilk günaha batar insan
arxasına qara yaxılmış şüşədə
həqiqət görünməz, bala, görünməz.
“Qisasını alan uşaq” şeirində şair təzadlı fikrini bu şəkildə ifadə edir:
Divara çilənmiş qan ləkələri…
Budur ölümündən sonra insan həyatının ardı.
Aqşinin səhifə başlığına çıxardığı misralar da oxucu yaddaşını qanı çıxana qədər cırmaqlayır:
Gündüzlər analıq, gecələr fahişəlik edir Mariya.
Gitara bizim ölkədə musiqi alətlərinin kefli İsgəndəridir.
Qan düşüncə tərzidir, axar keçmişə dolar.
Qadın bədəni sevdiyi kişini satmaz!
Əsl kişi necə yox, nə üçün öləndir.
Mən özümə doğma adam deyiləm və sair.
Aqşinin digər mülahizəsinə görə, elmdən və fəlsəfədən fərqli olaraq, sənətin aşiqi həm də onun qatilidir. Şair öz fikirlərində daha çox fəlsəfəyə meyil edir: “Başqasının boşluğu bizi var olduğumuza ümidləndirir, mövcudluğumuzu təsdiqləyir”. Bu həm də mübahisəli (mübahisəli olduğu qədər də müqayisəli!) fəlsəfədir, alt və üst qatları müxtəlif mənalara gələn fəlsəfədir. Amma hüsablaşmamaq da olmur: “Ziyalı milləti düşünür, intellektual bəşəriyyəti. Ziyalı cəmiyyətin dərdini çəkir, intellektual insanın”.
Aqşinin “Qəbiristanlıq şairləri” başlıqlı mətni şeir deyil, sadəcə, poetik mülahizədir: “Mən bir neçə böyük şairin yaradıcılığı ilə ilk dəfə qəbiristanlıqda, başdaşılarının üstündə tanış olmuşam. Özləri bizim aramızda yaşayan bu şairlərin şeirlərinin artıq o dünyaya köçdüyünü görmüşəm.burda nəsə bir sirr var; yəqin onlar diriliyin deyil, ölülüyün şairləridir, onların poeziyasının vətəni həyat deyil, ölülər dünyasıdır. Mən onları yumurtalarını dəniz kənarındakı qumluqda basdıran su tısbağasına bəzədirəm. Yumurtadan çıxan bala tısbağalar dənizə cuman kimi, onların şeirləri də yazılan kimi qəbiristanlığa – öz vətənlərinə cumurlar.
Onlar böyük qəbiristanlıq şairləridir”.
“Gəmi kimi yorğun” olan Aqşinin şeirindən keçib mətləbinə varmaq hər oxucunun işi deyil:
Gecəni söndür yataq
Gəmi kimi yorğunam
Mətbəxdə damcılayan suyun səsini söndür
Küçədə gec qalmış avtobusu söndür
Damdakı vəhşi göyərçini yatdığı
Ac pişiyi onun üstünə atıldığı yerdə söndür
Kandardakı ayaqqabıları
Rəfdəki kitabları, kitabdakı qəhrəmanları
Qəhrəmanlıqları söndür
Ayaqlarını, sinəni söndür
Özünü söndür, yataq
Gəmi kimi yorğunam
“Əllərimin içində bir ovuc quşdur əllərin, buraxdım uçdu əllərin” deyən şairin şəxsi ailə həyatı da təzadlı olmuşdur. Bunu onun az qala, bütün şeirlərindən sezmək mümkündür.
Aqşin Yenisey yeni şeirlərindən birində deyir: “Quşlar uçanda göylər dincəlir”. Onun
“Kor-koranavirus” şeirini çağdaş yaşantılarımızın kimliyi saymaq olar:
(Qan Turalı üçün “cibxərcliyi”)
Poeziya faciənin sevgilisiydi…
İllər keçdi…
Sevgi dərd sözünün sinoniminə çevrildi
Axrıncı dəfə tualet qapılarının üstündəki yazılarda ayrıldılar
Kişilər və qadınlar.
Həyat, onsuz da, insan üçün karantin idi!
Yuxularımıza tanımadığımız adamlar girdi.
Əllər qatil elan edildi!
Təbiət öz vəhşiliyini ört-basdır etmək üçün
tezbazar kəpənəyi yaratdı.
Şimşək, o göylər şahının dəcəl oğlu, yenə qılıncını oynatdı,
ucuyla buludları qanatdı
Gözünü çıxardı kimsəsiz gölün…
Kor-koronavirusdan başqa kimsə qalmadı küçədə
O da bizim şizofren abi kimi elə hey qışqırırdı
yoxa çıxmış adamlara
– ölün… ölün… nə olar, siz allah, ölün…
Bundan sonra itmiş bir əşya kimi yaşamaq var həyatda.
Əmin olmaq var, səni nə vaxtsa kimsənin tapacağına
və kiminsə ömür boyu səni tapmaq üçün axtaracağına ümid var.
Küləkli havada küçədə dəliqanlılıq edən ağac kimi yaşamaq
Vicdanına qısılan bədəndən süzülən göz yaşı kimi lal-dinməz axmaq
Kor gözlər kimi görməmək, amma baxmaq… baxmaq… var
Bundan sonra!
Hətta möminin evində də artıq şeytan allaha qalib gəlir.
Dua oxumağa hazırlaşan Gülfidan xala səcaddə önündə spirtlənir.
Arvadım Ömər Xəyyamı sevmir, halbuki müdrik idi o qədim içki düşkünü
Yazırdı ki, quşlar uçmağın özü üçün uçanda göylər dincəlir.
Hər gün ümid edirəm ki, bir daha ümid etməyəcəyəm.
Çünki insan ağrıyırsa,
Yəni nəhəng bir yara kimi yaşayırsa həyatı
Üstəgəl, ovucları gözəgörünməz göz yaşları ilə doludursa
Hətta hədiyyə olunmuş gül kimi
hiss olunmadan solursa!
O mənə paslı kağızda yanan qədim bir mətni xatırladır:
Əbədiliyinin bir qığılcıma bənd olmasını!
Poeziya faciənin sevgilisiydi…
Sonda onu da deyim ki, Aqşinin şeirləri yetərincə araşdırılmamış, mübahisəli fəlsəfi fikirləri haqqında yazılmamışdır. Bunun əsas səbəbi ədəbiyyat, poeziya, fəlsəfə haqqında Aqşinin düşüncələrinin bütün oxucu təbəqələrinə onun öz səviyyəsində çatmamasıdır. Sadəliyə aludə olmuş oxucu üçün intellectual şeir və intellectual mülahizə əlçatmazdır. Fikrimizi qısaca yekunlaşdırsaq, belə deyə bilərik ki, Aqşin Yeniseyin öz oxucusu vardır.
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
Share: